“Biz həmin 6 əsiri seçkiyə qədər İrəvana təhvil versək, bu Paşinyanın reytinqinə müsbət təsir edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ermənistan-Azərbaycan sərhədində baş verən son gəlişmələrə diqqət çəkib:
“Azərbaycan 6 erməni hərbçisini sərhəddə mina basdırarkən əsir götürüb. Nikol Paşinyan bu vəziyyətdə nə edəcək?
Ermənistanın baş nazir vəzifəsini icra edən şəxs yenə ətraf aləmdən kömək istəyəcək. Ancaq Paşinyan Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından narazılığını açıq dilə gətirməyə başlayıb. Paşinyanın lideri olduğu partiyanın parlamentdəki qrup rəhbəri də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını sərt tənqid edərək onları proseslərə seyrçi qalmaqda ittiham edib.
Paşinyana dəstək yenə Qərbin bəzi ölkələrindən gələcək, kimlərsə Azərbaycan əleyhinə açıqlama verəcək və rəsmi İrəvan həmin açıqlamaları geniş yayacaq ki, əhalini sakitləşdirsin. Ermənistan müxalifəti erməni həbrçilərin Azərbaycan hərbçiləri tərəfindən əsir götürülməsini seçki öncəsi Paşinyanın mövqelərini zəiflətmək üçün istifadə etməyə çalışacaq. Əgər biz həmin 6 əsiri seçkiyə qədər İrəvana təhvil versək, bu Paşinyanın reytinqinə müsbət təsir edəcək. İplər bizim əlizmizdədir”.