“Bütün problemli məsələlər aydınlaşdırılana və şübhələr ortadan qalxana seçkinin nəticələrini qəbul etməyəcəyik”.
Teleqraf.com erməni informasiya resurslarına istinadən bildirir ki, bu barədə “Ermənistan” seçki blokunun parlament seçkilərinin nəticələri haqqında yaydığı bəyanatında bildirilib.
Bəyanatda qeyd edilib ki, parlament seçkilərinin açıqlanmış nəticələri çox ziddiyyətlidir və etibarlı deyil:
“Nəticə seçkidən əvvəl keçirilən sorğular, araşdırmaların yekunu ilə üst-üstə düşmür. Etimadsızlığın ən ciddi əsası seçki günü seçki məntəqələrindən gələn yüzlərlə siqnaldır ki, bu da seçki nəticələrinin sistematik, əvvəlcədən planlaşdırılan saxtalaşdırılmasına dəlalət edir”.
Bəyanatın sonunda “Ermənistan” seçki bloku iddia edilən pozuntularla bağlı dərhal dərin və əsaslı bir araşdırma aparmağı tələb edir.
Xatırladaq ki, “Ermənistan” seçki blokunun lideri sabiq prezident, hərbi cani Robert Köçəryandır. Onun lideri olduğu qüvvələr Ermənistan parlamentinə düşsələr də, Nikol Paşinyana uduzublar.