22 İyul 2021 20:13
1 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyan yeni müdafiə naziri tapmalıdır. Amma Ermənistan üçün indiki ağır vəziyyətdə generallar arasında müdafiə naziri olmaq istəyənlərin sayı çox deyil”.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistanın ictimai-siyasi həyatındakı son proseslərə diqqət çəkib:

“Ermənistanda parlament seçkisi geridə qalarkən və Nikol Paşinyan mövqeyini yenidən gücləndirərkən müdafiə naziri Vaqarşak Arutyunyan qəfil istefa verdi. Bəs bunun səbəbi nədir? Əslində, Vaqarşak Arutyunyan hərbi rütbəsinə və nazir postuna görə Nikol Paşinyana minnətdar olmalı idi. Çünki Arutyunyan Ermənistanın 1999-2000-ci illərdə nazir postunu tutmuş və eks-prezident Robert Köçəryan onu bu vəzifədən ağır ittihamlarla qovmuşdu. Paşinyan 2020-ci ildə Arutyunyana rütbəsini qaytararaq onu özünə hərbi müşavir vəzifəsinə təyin etdi.

Arutyunyan müharibədə məğlubiyyətdən sonra nazir təyin edildi. Əgər Arutyunyan məğlubiyyətə şərik olmaq istəmirdisə, elə o zaman nazir vəzifəsindən imtina etməliydi. Etmədi və məğlubiyyətə şərik oldu. Əksinə Arutyunyan qiyamçı baş qərargah rəisi Onik Qasparyanın sakitcə kreslosunu boşaltmaqda Paşinyana yardım etdi və bununla hərbi çevrilişin qarşısını aldı”.

Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycan Ermənistanla sərhədə nəzarəti gücləndirib və atəşə daha artıq atəşlə cavab verir:
“Ermənistan ordusu Azərbaycan sərhədçilərini Qaragöldən uzaqlaşdırmağa risk etmədi, növbəti toqquşmadan qorxdu. Müharibədə məğlubiyyətdən sonrakı hadisələr də Ermənistan ordusunun nüfuzunu aşağı salmaqdadır. Vaqarşak Arutyunyan özü bacarmadığını Rusiya hərbçilərinin əli ilə etməyə çalışdı, ancaq bu da alınmadı, Moskva sərhədin müəyyənləşməsinə qarışmaq istəmədi. Bu vəziyyətdə Vaqarşak Arutyunyan istefaya üstünlük verdi. Onun ya Təhlükəsizlik Şurasının katibi, ya da Ermənistanın Rusiyadakı səfiri vəzifəsinə təyin olunacağı ehtimalları var. Beləliklə, Nikol Paşinyan yeni müdafiə naziri tapmalıdır. Ermənistan üçün indiki ağır vəziyyətdə generallar arasında müdafiə naziri olmaq istəyənlərin sayı çox deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu