“Ermənistan Baş naziri Nikol Paşinyanın təklifləri ümidverici deyil”.
Teleqraf.com xəbər verir ki, rusiyalı politoloq Arkadi Dubnov Paşinyanın Ermənistan-Azərbaycan sərhədində KTMT monitorinq missiyasının yerləşdirilməsi zəruriliyi ilə bağlı son təklifini şərh edərkən belə deyib.
Dubnov qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədində müşahidəçilər yerləşdirmək fikri KTMT-də razılıq tapmayacaq və Bakı Rusiya sərhədçilərinin bütün sərhəd boyunca yerləşdirilməsini istəməyəcək.
Ekspertə görə, Paşinyan Fransa və ABŞ-da müttəfiqlərinin olduğunu zənn edir:
“Nikol Paşinyan KTMT-dən müşahidəçi göndərmək mümkün olmadıqda, onları ATƏT-in müşahidəçiləri ilə əvəz edə biləcəyini dedi. İrəvan açıq şəkildə hesab edir ki, Rusiyadan kənarda, məsələn, Paris və Vaşinqtonda müttəfiqləri var”.
Dubnovun sözlərinə görə, Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələndən bəri KTMT-nin imicinə zərər vurur, onu nüfuzdan salmağa çalışır: “Paşinyan eyni səhvləri təkrarladığını bilib-bilmədiyini deyə bilmərəm, amma indiki ritorikasının onun üçün xoş olmayan nəticələri ola bilər”.