Brüssel görüşündə Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı əldə olunmuş razılıq təsdiqlənib.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.
Baş nazir xatırladıb ki, bu razılıq Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupun müzakirələri nəticəsində əldə olunub.
Paşinyan vurğulayıb ki, dəmir yolu beynəlxalq sərhəd və gömrük qaydalarına ciddi riayət olunmaqla, ölkələrin suverenliyi və səlahiyyətləri şəraitində fəaliyyət göstərəcək.
Nəticədə Ermənistan İran və Rusiya ilə, Azərbaycan isə Naxçıvanla dəmir yolu əlaqəsi əldə edəcək.
“Əgər Türkiyə ilə səmərəli dialoqa başlasaq, sərhədlərin və kommunikasiyaların açılmasına nail olsaq, bu layihə daha da iddialı olacaq. Məlumdur ki, Arazdəyən-Gümrü və Gümrü-Qars dəmir yolları var”, - Paşinyan bildirib.
Baş nazir Ermənistanın dəmir yolunun tezliklə istifadəyə verilməsində maraqlı olduğunu vurğulayıb: “Bu, regionun iqtisadi, investisiya və siyasi mühitini əhəmiyyətli dərəcədə dəyişəcək mühüm razılaşmadır”.
Ermənistanın baş naziri onu da bildirib ki, Azərbaycan prezidenti ilə Ermənistan-Azərbaycan gündəmi ətrafında ümumi yanaşmaların formalaşdırılması və mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün təmasların davam etdiriləcəyi barədə razılıq əldə olunub.