Ermənistan parlamentinin “Ermənistan” və “Mənim namusum var” fraksiyaları baş nazir Nikol Paşinyanın qapalı iclas keçirmək təklifini rədd edib.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə adı çəkilən fraksiyaların yaydığı birgə məlumatda bildirilib.
Fraksiyalar bəyan edib ki, parlament sədri Alen Simonyan onlara baş nazir Nikol Paşinyanın qapalı iclas keçirmək təklifini çatdırıb.
Xatırladaq ki, Nikol Paşinyanla qapalı görüşlər hələ 2020-ci ilin oktyabrında, müharibə zamanı keçirilib. Paşinyan bu günə qədər bu mövzunu manipulyasiya edir, bu görüşlərin nəticələrini təhrif edir. Hakimiyyətin həmin dövrdəki fəaliyyəti açıq şəkildə göstərirdi ki, onlar xalqın arxasınca şübhəli danışıqlar aparır, öz anti-milli planlarını təbliğ edirlər. Danışıqlar prosesinin özü dövlət və ya hərbi sirr deyil. Erməni xalqına birbaşa aidiyyəti olan məsələlər üzrə qapalı görüşlərin formatı qəbuledilməzdir. Müxalifət fraksiyaları bundan əvvəl yalnız açıq və xalq qarşısında hesabatlı olduğu halda toplantı keçirəcəklərini bəyan ediblər. Paşinyanın qapalı görüş təklif rədd edilib. Biz qapalı görüşlərin keçirilməsinin məqsədəuyğun olmaması ilə bağlı mövqeyimizi bir daha təsdiqləyirik.
Qeyd edək ki, sözügedən bloklar Ermənistanda revanşist qüvvələr hesab olunur və onlar Paşinyanın xəyanətkar obrazını yaratmağa çalışırlar. Bu cür addımlarla həm də erməni xalqının "saqqızını oğurlamağa" cəhd göstərirlər.
Amma erməni analitikləri də bildirir ki, artıq regionda situasiya köklü şəkildə dəyişib. İndi təkcə Moskva deyil, Brüssel də Ermənistandan Azərbaycanla əldə etdiyi razılaşmaları həyata keçirməsini tələb edir.