“Ermənistan və Türkiyə arasında normal qonşuluq münasibətlərinin bərpasından bütün dünya faydalanacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın BMT-dəki (BMT) daimi nümayəndəsinin müavini Dmitri Polyanski deyib.
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Moskvada keçirilməsi planlaşdırılan danışıqlarla bağlı açıqlama verən Polyanski bunu alqışladıqlarını və dəstəklədiklərini bildirib.
“Biz yaxın regional əməkdaşlığın tərəfdarıyıq və Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını alqışlayırıq. Görüşün Moskvada keçirilməsi təəccüblü deyil, həm Türkiyə, həm də Ermənistanla yaxşı tərəfdaşlığımız var”, - diplomat söyləyib.
Polyanski bunun çox həssas proses olduğunu və tərəflər arasında etimadın olmadığını, şübhənin olduğunu bildirib:
“Buna görə də bunun öhdəsindən gəlmək lazımdır, əgər bacarsaq, bütün dünya Ermənistanla Türkiyə arasındakı normal qonşuluq münasibətlərindən faydalanacaq. Hazırda bundan kifayət qədər uzağıq. Addım-addım irəliləyək və iki ölkənin yaxınlaşmasını təşviq edək”.