4 May 2022 12:00
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəvan küçələrinə çıxan insanları yönəldən və idarə edən dəstə liderləri (Serj Sərkisyan, Artur Vanetsyan və Robert Köçəryan – red.) son dərəcə təhlükəlidir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni müğənni-bəstəkar Riçard Madlenyan deyib.

“Hər kəsin ifadə azadlığı və mitinqlərdə iştirak etmək hüququ var. Amma bu gün küçədə elə insanlar var ki, onların prinsipləri mənim üçün qəbuledilməzdir. Bu keçmiş hərbi xunta 30 il ölkəni sivil dünyadan ayırmaqla məşğul olub, qəbilə əsaslı oğruların dəyər sistemi ilə idarə edib”, - bəstəkar bildirib.

O, 2018-ci ildə Ermənistandakı siyasi sistemin köklü şəkildə dəyişdiyini vurğulayıb.

Madlenyanın sözlərinə görə, küçələrə çıxmaqla Ermənistanda illərdir mövcud olan qorxu ab-havasını qaytarmağa cəhdlər edilir:

“İnqilab edəcəklər? Qoy bu hökumətdən daha yaxşı iş görəcəklərini sübut edəcək qüvvələr gəlsin, ancaq rusiyapərəst olmasınlar. Xahiş edirəm, biz artıq iyrənmişik və istəmirik. Çox ehtiyatlı olmalıyıq”.

Müğənni Ermənistanın 30 il işğalda olan Qarabağı əldə saxlamaq üçün heç nə etmədiyini də deyib:

“Bir şeyi yaxşı başa düşməliyik: Qarabağ 30 il bizdə oldu, bəs biz Qarabağı saxlamaq üçün nə etdik? Biz ancaq Qarabağa və orduya “şanlı mahnılar” yazdıq, amma onu gücləndirmək üçün heç nə etmədik. İndi də ordu haqda mahnılar oxuyurlar. Amma o adamların illərdir ordunu qarət etdiyini yaxşı bilirik”.

Madlenyan qonşu ölkələrlə (Azərbaycan və Türkiyəni nəzərdə tutur – red.) sərhədlərin açılmasının tərəfdarı olduğunu vurğulayıb:

“Vaxt gələcək ki, ölkəmizdə çox ciddi dəyişikliklər baş verəcək. Artıq bunu görürəm və hiss edirəm. Tanrı ölkəmizə əmin-amanlıq, bütün xalqlarla mehriban, ləyaqət içində, qonşularımızla açıq sərhəddə yaşamağı nəsib etsin. Bağlı qəfəsdə uzun müddət yaşaya bilməzsən, dünya dəyişir. Biz köhnə düşüncəyə imkan verməyəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər