“Keçirdiyi aksiyalarda günbəgün sıraları seyrələn Ermənistan müxalifətinin etirazları getdikcə zorakılıqla müşayiət olunur”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Styopa Safaryan deyib.
Ekspert meydana yetərli sayda etirazçı çıxara bilməyən müxaliflərin aqressivləşdiyini, dinc insanları hədəf aldıqlarını bildirib.
Safaryanın sözlərinə görə, mayın 1-dəki mitinqlərdə 12 min, mayın 9-dakı aksiyalara isə cəmi 7 min nəfərin qatıldığını vurğulayıb: “Təşkilatçılar üçün anlamaq çətindir, çünki Tavuş, Vayots Dzor və digər yerlərdə keçirilən yürüşlər, qalmaqallı regional turlar heç nəyi dəyişmədi, üstəlik, sayı azaltdı.
Elə ilk mərhələdə toqquşmaları hədəfləyən müxalif hərəkat artıq öz sıralarını genişləndirmək üçün başqa yollara əl atıb. Onlar insanları pulla cəlb etməyə çalışırlar”.
Safaryan müxaliflərin Gümrüdə keçirilən aksiyada yaşlı bir kişini döydüklərinə də diqqət çəkib.
İşxan Saqtelyan və digərləri əldə olunan nəticələri dərk edərək hərəkatın ikinci mərhələsini elan ediblər: "Blokada, həyatı iflic etmək, dövlət qurumlarının ələ keçirilməsi və müvəqqəti hökumətin yaradılması. Onlar bununla növbəti mərhələyə daxil olmaq illüziyası yaradırlar. Baş verənlərin dinamikası isə bunun tam əksini sübut edir”.
Safaryan müxalifətin müvəqqəti hökumət qurmaq və ya prosesi bu qədər irəli aparmaq üçün yetərli gücünün olmadığını vurğulayıb.
Politoloq müxalifətin Türkiyə və Azərbaycana qarşı ritorikasının Ermənistan üçün ciddi problem yarada biləcəyini deyib:
“Mitinqlərdə narahatlıq yaradın bir məqam da var: hərəkatın gündəmini türk etnosuna qarşı yönəlmiş nifrət nitqi təşkil edir. Başqa sözlə, Ermənistanın antitürklükdən qidalandığı, Ermənistanda dinc birgəyaşayış ideyasına müqavimətin olduğu həm daxili, həm də xarici auditoriyaya çatdırılır. Bu isə Ermənistanı müharibə tərəfdarı kimi göstərmək üçün fürsət yaradır. Onlar bunu ya şüurulu, ya da şüursuz şəkildə edirlər”.
Safaryan 7 min nəfərlə Ermənistanda hakimiyyət çevrilişinin baş verəcəyinə inanmadığını söyləyib:
“Yeddi min nəfərlə inqilab heç bir ölkədə olmayıb və olmayacaq”.
Politoloq məqsədlərinə çata bilməyən müxalifətin Baş nazir Nikol Paşinyanı güllələməklə hədələdiyini də bildirib.