1 Oktyabr 2022 15:48
2 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan KTMT-dən rəsmən çıxmayacaq, amma həmin təşkilatda fəaliyyət və iştirakını minimuma endirəcək”.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyada fəaliyyət göstərən politnavigator.net saytının “Ermənistan KTMT-dən çıxacaqmı?” adlı məqaləsində bildirilir.

Sayta açıqlama verən erməni analitik Hayk Xalatyan da Ermənistanın indiki durumda KTMT-dən çıxmasını mümkünsüz hesab edir.

“Əvvəllər KTMT-nin hərbi qanadının gücləndirilməsinin əsas təşəbbüskarları Rusiya və Ermənistan idisə, indi İrəvan böyük ehtimalla təşkilatın bəzi digər ölkələri kimi KTMT-nin fəaliyyətində formal olaraq iştirak edəcək”, - Xalatyan deyib.

Eyni zamanda, şərqşünas Larisa Aleksanyan qeyd edib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin Ermənistana son səfəri Rusiyanı regiondan sıxışdırıb çıxarmaq məqsədi daşıyır:

“Bu, Qərbin Ermənistanla Rusiya arasında münasibətlərə zərbə vurmaq üçün növbəti cəhdidir. Pelosinin səfəri Ermənistanın KTMT-yə üzvlüyünü dəstəkləyənləri məyus etdi. Habelə ölkə daxilində bəzi qərbyönlü qüvvələrin fəal təbliğatı fonunda Qərbdən sadəlövhlüklə yardım gözləyənlərin KTMT-dən çıxmaq çağırışlarının artmasına səbəb oldu. Belə çağırışların tərəfdarları açıq şəkildə dərk etməlidirlər ki, Qərb Ermənistanın təhlükəsizliyini təmin etmək üçün real mexanizmlər təklif etmir”.

Erməni ekspert bildirib ki, Qərb ölkələri Ermənistan-Azərbaycan gərginliyinə müdaxilə etmək və bu yöndə İrəvana ciddi yardım göstərmək niyyətində deyil:

“Qərb yalnız İrəvana vədlər verir, bunlar şişirdilmiş bəyanatlar səviyyəsində qalacaq. İnanıram ki, hər şeyə baxmayaraq, Ermənistan rəhbərliyi tələsik şəkildə ölkə üçün ciddi hərbi-siyasi və iqtisadi nəticələrə gətirib çıxaracaq bu təhlükəli addımı atmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər