Ermənistan Baş naziri Nikol Paşinyan “Demokratiya Naminə” sammitinin plenar iclasında iştirak edib.
Teleqraf.com xəbər verir ki, iclasın sonunda Ermənistan qeyd-şərtlə qoşulduğu bəyannamə qəbul olunub.
Öz işğalçı və separatçı ənənəsinə sadiq qalan Ermənistanın baş naziri bu bəndi qəbul etməyib:
“Biz Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin əsas prinsiplərini qəbul edirik, buna görə, bütün dövlətlər beynəlxalq münasibətlərində hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməklə hədələməkdən və ya güc tətbiq etməkdən çəkinməli və beynəlxalq mübahisələrini sülh yolu ilə həll etməlidirlər. Biz Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə əsasən dövlətlərin fərdi və ya kollektiv özünümüdafiə üçün ayrılmaz hüququnu tanıyırıq.
Biz Ukraynada BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq hərtərəfli, ədalətli və davamlı sülhün mümkün qədər tez əldə edilməsinin zəruriliyini vurğulayırıq. Biz Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün, o cümlədən Ukrayna ərazisində kritik infrastruktura qarşı davam edən hücumların dinc əhali üçün dağıdıcı nəticələrindən təəssüflənirik, qadın və uşaqlar da daxil olmaqla, mülki əhalinin çox sayda itkisindən, humanitar yardıma ehtiyacı olan məcburi köçkünlərin və qaçqınların, habelə uşaqlara qarşı zorakılıq hallarının sayının artmasından dərindən narahat olduğumuzu bildiririk.
Biz müharibənin qlobal ərzaq, enerji və nüvə təhlükəsizliyinə və ətraf mühitə mənfi təsirindən dərindən narahatıq. Biz Rusiyadan beynəlxalq səviyyədə tanınmış sərhədlər boyunca Ukrayna ərazisindən bütün hərbi qüvvələrini dərhal, tamamilə və qeyd-şərtsiz çıxarmasını tələb edirik və hərbi əməliyyatları dayandırmağa çağırırıq.
Biz həmçinin silahlı münaqişə tərəflərini beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində götürdükləri öhdəliklərə əməl etməyə çağırırıq. Biz həmçinin hərbi əsirlərin tam dəyişdirilməsinə, qeyri-qanuni saxlanılanların hamısının azad edilməsinə və bütün internirlərin və zorla köçürülmüş və deportasiya edilmiş mülki şəxslərin, o cümlədən uşaqların qaytarılmasına çağırırıq. Biz milli və ya beynəlxalq səviyyədə lazımi hallarda Ukrayna ərazisində beynəlxalq hüquq çərçivəsində ağır cinayətlərin mühakimə olunmasını qətiyyətlə dəstəkləyirik”.
Beləliklə Ermənistan növbəti dəfə dünyanın gözü önündə beynəlxalq hüquqa hörmət etmədiyini açıq formada nümayiş etdirib. Bununla nə işğala və təcavüzə məruz qalan Ukraynanın, nə də digər dövlətlərin ərazi bütövlüyünü tanıdığını göstərib.
Sammit ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə onlayn formatda keçirilib.