Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistandan süd məhsullarının idxalına məhdudiyyətlərin qoyulmasını nəzərdən keçirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya” qəzeti məlumat yayıb.
“Rosselxoznadzor” Ermənistanı sanitar normalara zəif nəzarətdə, habelə Ermənistan müəssisələri tərəfindən İrandan gələn keyfiyyətsiz xammaldan istifadə etməkdə ittiham edib. Nəşrin məlumatına görə, bu, keyfiyyət problemlərinə görədir. Erməni ekspertlər isə İrəvanın Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiyasına görə cəzalandırılacağından şübhələnirlər.
Ermənistanın hakim partiyasının deputatı Qaqik Melkonyanın Putinin ölkəsinə səfər etməməsinin daha yaxşı olacağını deməsindən iki gün sonra Rusiya erməni süd məhsullarının idxalını qadağan etmək qərarına gəlib.
Mütəxəssislərə görə, İrəvan Roma Əsasnaməsini ratifikasiya etdikdən sonra Ermənistana səfər edəcəyi təqdirdə Rusiya prezidentini Beynəlxalq Cinayətlər Məhkəməsinin tələbi ilə həbs etməli olacaqdı.
“Rusiyaya süd məhsullarının ixracının həcmi ildə 20 milyon dollardır. Keçən il Moskvadan heç bir iddianın olmadığını nəzərə alsaq, məsələnin səbəbini bu məhsulların keyfiyyətində deyil, daha çox siyasi müstəvidə axtarmaq lazımdır”, - erməni iqtisadçı Qrant Mikaelyan deyib.