Ermənistan hakimiyyəti Rusiyanın KTMT müşahidəçilərinin sərhəddə yerləşdirilməsi ilə bağlı təklifinə cavab vermir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
“Rusiyanın Ermənistanın KTMT müşahidəçiləri və ya sülhməramlılarının sərhəddə yerləşdirilməsi təklifi və yeni hərbi-texniki əməkdaşlıq paketi diqqətçəkən situasiya yaradıb.
Tərəflərdən heç biri KTMT-nin hərbi-texniki dəstək proqramının necə olduğu barədə bir söz demir. İkincisi, anlamaq lazımdır ki, KTMT müşahidəçilərinin və ya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı Ermənistan hakimiyyətinə hansı təklif verilib, onların mandatı, funksiyaları və mümkün yerləşdirmələri barədə təfərrüatlar varmı? Bunu başa düşmək son dərəcə vacibdir, çünki bu, özü ilə çoxlu suallar gətirəcək”, - deputat bildirib.
Abramyan əlavə edib ki, Rusiyanın bütün səylərinə baxmayaraq, bu məsələ Ermənistan hakimiyyəti üçün müzakirə mövzusu deyil:
“Son günlər Rusiyadan aktiv açıqlamalar verildi, amma Ermənistan hökuməti qəribə şəkildə susur. Ermənistan hökuməti nəyi gözləyir, Rusiya niyə tələsir?”