Avropa Birliyinin (AB) Ermənistandakı missiyasının Azərbaycana qarşı erməni yalanını ifşa etməsi bu ölkədə hiddət yaradıb.
Teleqraf.com xəbər verir ki, Ermənistan mətbuatı AB missiyasını Azərbaycanın maraqlarına xidmət etməkdə günahlandırmağa başlayıb.
AB-nin ali komissarının sözçüsü Peter Stano bundan əvvəl bildirib ki, birliyin Ermənistandakı monitorinq missiyası avqustun 15-də Ermənistan-Azərbaycan şərti sərhədində müşahidə zamanı eşidilən atəş səslərinin mənbəyini müəyyən edə bilməyib. Stano Ermənistanın iddiasının əksinə olaraq, atəş səsinin təxminən 1 km məsafədən eşidildiyini, missiyanın vasitə və müşahidəçilərinə zərər dəymədiyini deyib. Beləliklə, AB erməni yalanını rəsmən ifşa edib.
Missiyanın Brüsseli "dürüst məlumatlandırmamasından" qeyzlənən erməni nəşrlərindən biri “Hraparak” yazır ki, AB-nin Ermənistandakı müşahidə qrupunun “bu biabırçı davranışı” erməni cəmiyyəti üçün “soyuq duş” oldu. Erməni nəşri açıq şəkildə etiraf edir ki, missiyaya Azərbaycana qarşı “sipər” kimi baxsalar da, bu, özünü doğrultmayıb.
“Acı reallıq göstərdi ki, heç şey belə deyil”, - qəzet yazır.
Erməniləri hiddətləndirən budur ki, AB müşahidəçiləri niyə "olayın videogörüntüsü"nə inanmayıblar.
Tənqiddən təhqirə keçən “Hraparak” erməniləri “ziyalı xalq”, avropalıları “fahişə” adlandırır. Bu yerdə qəzet ruslara da daş atmağı unutmur, onlara isə “xəyanətkar” damğasını vurur. Qəzet onların yüz il əvvəl də "belə" olduqlarını vurğulayır.