“Nikol Paşinyan hər kəsdən qorxur, yaxın ətrafından belə ehtiyatlanır”.
Teleqraf.com xəbər verir ki, bunu erməni jurnalist Luiza Sərkisyan deyib.
Noyabrın 2-də Ermənistan Milli Təhlükəsizlik Xidməti terror qruplaşmasının ifşa edildiyini, 5 nəfərin həbs olunduğunu açıqlayıb.
Jurnalist qeyd edir ki, olaydan təxminən 9 gün keçməsinə baxmayaraq, aidiyyəti qurumlar heç bir əlavə məlumat verməyiblər, şübhəli qismində həbs olunan şəxslərin adları da açıqlanmayıb:
“Ekspertlər Milli Təhlükəsizlik Xidmətinin paylaşdığı videonu təfərrüatı ilə tədqiq edərək, bunun tamaşa olduğunu, üstəlik, son dərəcə uğursuz və pis tamaşa olduğunu söyləyirlər. Mənbələrimizin bildirdiyinə görə, Paşinyan uzun müddətdir mümkün çevrilişlə bağlı hekayələri ilə Milli Təhlükəsizlik Xidmətini yorur, istər çevrəsində, istərsə də müxalif dairələrdə hər kəsi fərq qoymadan şübhələndirir, ona qarşı sui-qəsdlərin üzə çıxarılmasını tələb edir. Paşinyanın paranoyası güclənir, hətta ən yaxın adamlarından belə qorxur. Milli Təhlükəsizlik Xidməti Paşinyandan qurtulmaq üçün belə bir tamaşa qurub.
Ssenarisi və məzmununda ciddi qüsurlar olan bu tamaşa tezliklə bitəcək. Məsələ burasındadır ki, nə “terror”un motivini, nə də iddia edilən təşkilatçıları əsaslı şəkildə izah edə bilirlər”.