Ermənistan rəhbərliyinin KTMT-nin tədbirlərində iştirak etməmək qərarı təəssüf doğurur.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Düşünmürük ki, bu qərar erməni xalqının maraqlarına uyğundur, dost ölkənin təhlükəsizliyinə və sabitliyinə töhfə verəcək. Erməni tərəfdaşlar təşkilatın nizamnamə orqanlarında işi dayandırmaq, artıq razılaşdırılmış sənədlərin həyata keçirilməsinə mane olmaq niyyətində deyillər. Bu, İrəvan üçün açıq qapı qoyur, ona sonradan işə qoşulmağa imkan verir. Ümid edirik ki, müttəfiqlərimiz yaxın gələcəkdə bu fürsətdən istifadə edəcəklər”, - Rusiya rəsmisi bildirib.
Zaxarova vurğulayıb ki, Rusiya KTMT-nin hazırkı şəraitdə regional sabitlikdə mühüm rol oynayacağına əmindir:
“KTMT-nin Ermənistan-Azərbaycan sərhədinə monitorinq missiyası göndərməsi qərarı hələ də masadadır. KTMT missiyası öz səmərəsizliyini nümayiş etdirməkdə davam edən Avropa Birliyi missiyasından fərqli olaraq, Ermənistanın təhlükəsizliyinin təmin edilməsində mühüm amil olardı”.