Ermənistan uzun illər elə bir siyasət aparıb ki, bu gün də Rusiyadan tam asılıdır və bundan qurtula bilmir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Narek Qalstyan deyib.
“Strateji önəm kəsb edən sahələrdə Rusiyanın üstünlüyü var, bura hərbi sektor da daxildir, silahların çoxunu oradan gətirmişik, atom enerjisi - uranı oradan gətiririk, əsas ticarət tərəfdaşımız Rusiyadır, nəqliyyat - dəmir yolu rus şirkəti tərəfindən idarə olunur, xarici fəaliyyətdə Rusiyadan asılıyıq və sair. Bu asılılıq da həmişə Ermənistanı xarici siyasətində korrektəyə məcbur edib. Bu isə o deməkdir ki, Rusiya amili nəzərə alınmaqla digər güc mərkəzləri ilə münasibətlər qurulmalıdır. Elə bir vəziyyətdəyik ki, Rusiyadan asılıyıq, həm də sistemli şəkildə. Rusiya isə bizdən asılı deyil və öz maraqları var”, - ekspert bildirib.
Qalstyan söyləyib ki, bu gün Rusiyanın içində olduğu geosiyasi reallıq onu regional siyasətinə yenidən baxmağa və Ermənistanın qonşuluqdan uzaq münasibətləri olan Azərbaycan və Türkiyə ilə yaxınlaşmağa məcbur edir:
“İndi bu, Rusiyanın maraqlarına uyğundur. Belə bir deyim var: daimi müttəfiqlər yoxdur, daimi maraqlar var. Xüsusən də böyük dövlətlər üçün bu, əsas prinsipdir”.
Politoloq hesab edir ki, Rusiyadan asılılıq nəzərə alındıqda xarici siyasət vektorunu Qərbə dəyişmək Ermənistan üçün təhlükəlidir:
“Rusiyanın dominantlığının olduğu sahələrdə asılılığı azaltmaq və ya zəiflətmək istəyirdinsə, hazır təhlükəsizlik yastıqların və sair olmalıydı. Belə bir durumda vektoru dəyişdirmək ciddi təhlükə, hətta dövlətin onurğa sütununu sındırmaq deməkdir”.
Qalstyanın fikrincə, Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışan Qərbin bu ölkə ilə bağlı hazır planı yoxdur.
“Deyilən sözlə yerdəki reallıq fərqlidir. Rusiya Ukraynada planlaşdırılmamış uzun sürən hərbi əməliyyatlara görə ciddi geosiyasi problemlərlə üzləşib, bu durumda Türkiyə və Azərbaycana ehtiyacı var”, - ekspert əlavə edib”.
Onun sözlərinə görə, Rusiya ilə düşmənçilik Ermənistana baha başa gələ bilər:
“Rusiya hazırda bizim müttəfiqimiz deyil, bəs bizə onunla düşmənçilik lazımdırmı? Bəli, Rusiya bir çox məsələlərdə Azərbaycana qarşı çıxmır. Bu o deməkdir ki, artıq əleyhimizə işləməyə başlamaları kimi ciddi təhlükə var. Bu bizə lazımdırmı?”.
Qərbə gəlincə, Qalstyan hesab edir ki, Qərbin də Azərbaycana ehtiyacı var:
“Məsələn, Ceyhun Bayramov Türkiyənin prosesdə iştirakına böyük önəm verdiyini dedi, bundan sonra ABŞ buna müsbət yanaşdığını açıqladı. Danışıqlar paketində Azərbaycanın diktə etdiyi prinsiplər üstünlük təşkil edir. İkincisi, daha böyük geosiyasi çəkiyə, vəziyyətə daha çox təsir imkanlarına malik Azərbaycan beynəlxalq vasitəçiləri öz tələbləri ilə razılaşmağa məcbur edə bilir”.