"Ermənistan baş naziri zənn edirdi ki, Qərb təzyiq yolu ilə Azərbaycanı durduracaq və geri addım atmağa məcbur edəcək, heç biri alınmadı".
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, gələn il Rusiya KTMT ilə bağlı Ermənistana təzyiqi gücləndirəcək:
“Ermənistan Baş naziri Nikol Paşinyan və hökumət üzvlərinin iki təşkilatla bağlı yanaşması belədir: Avrasiya İqtisadi Birliyi yaxşıdır, KTMT isə pisdir. Yəni demək istəyirlər ki, Ermənistan birinci təşkilatda üzvlükdən gen-bol faydalanır, ikincisi isə Azərbaycanla qarşıdurmada İrəvanı “darda” qoyub. Elə ona görə də Paşinyan Avrasiya İqtisadi Birliyinin Sankt-Peterburqdakı toplantısına qatıldı, KTMT-nin noyabrdakı sammitində isə iştirak etmədi. Ancaq bu vəziyyət uzun davam edə bilməz. Kreml gələn il Ermənistanın KTMT-də aktiv iştirakını tələb edəcək.
Paşinyan komandası təhlükəsizlik məsələsində Qərbdən istədiyini ala bilmədiyinə görə İrəvanın KTMT-yə qayıtmaqdan başqa alternativi qalmayacaq. Ermənistan baş naziri zənn edirdi ki, Qərb təzyiq yolu ilə Azərbaycanı dururacaq və geri addım atmağa məcbur edəcək, heç biri alınmadı”.