Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın İrana səfəri gərgin atmosferdə keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, Tehran Avropa Birliyinin (AB) mülki missiyasının Ermənistan ərazisində yerləşdirilməsinə sərt etiraz edib:
“Mənbələrimizə görə, İran Prezidenti İbrahim Rəisi Ermənistan nümayəndə heyəti ilə görüşündə deyib ki, Tehran Ermənistanda xarici qüvvələrin olmasına imkan verməyəcək. O, açıq şəkildə təklif edib ki, Ermənistan təhlükəsizliyindən narahat olsa və Rusiya ilə müttəfiqlikdən imtina etsə, o zaman İran bu ölkənin təhlükəsizliyini təmin edə bilər. Rəisi məhz bu səbəbdən Sünikdə (Zəngəzur) İran hərbi bazasının qurulmasını təklif edib.
Tehran bu ultimatumunu gizlətməyib, İran prezidentinin rəsmi saytında erməni nümayəndələrlə görüşlə bağlı xəbərdə söhbətin bəzi hissələri yer alıb.
“Problemlərin həlli bəhanəsi ilə regionda kənar qüvvələrin olması ilə razılaşmırıq, inanırıq ki, onların mövcudluğu nəinki problemi həll etməyəcək, əksinə, xalqlar və hökumətlər üçün daha böyük problemə çevriləcək”, - Rəisi bildirib.
Maraqlıdır ki, İrəvan səfərlə bağlı əsasən iqtisadi əməkdaşlıq məsələlərini vurğulayıb. Həmçinin səfərlə bağlı hökumətin saytındakı xəbərdə regional və təhlükəsizlik məsələlərinə yalnız bir sətirdə qısaca toxunulub: “İran prezidenti ilə görüşdə Mqer Qriqoryan İran rəhbərliyinin Ermənistanın ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığı ilə bağlı aydın mövqeyini yüksək qiymətləndirib”.