Ermənistan Baş naziri Nikol Paşinyan sərhədin delimitasiyası prosesində Gürcüstana ərazi güzəştinə gedib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Yerkir” nəşri yazır.
“Son zamanlarda Paşinyanın İrəvan və Tiflis arasında yüksək səviyyəli təmaslarda Gürcüstanla sərhədin delimitasiya və demarkasiyası işini fəallaşdırması, müəyyən əraziləri də Gürcüstana verməsi ilə bağlı məlumatlar var. Söhbət Ermənistan-Gürcüstan sərhədində yerləşən Alaverdi rayonunun Ciliza kəndinə bitişik ərazilərdən gedir”, - məlumatda deyilir.
Nəşr məsələ ilə bağlı Ermənistan Baş Nazir Aparatına sorğu göndərsə də, cavab ala bilməyib.
Ermənistan Xarici İşlər Nazirliyi isə “Yerkir”ə təsdiqləyib ki, iki ölkənin yüksək səviyyəli nümayəndələrinin son təmasları zamanı sərhədlərin müəyyənləşdirilməsi işlərinin aktivləşdirilməsinin zəruriliyi barədə ümumi anlaşma formalaşıb. Amma XİN ərazi güzəşti ilə bağlı suala cavab verməyib.