3 İyul 20:46
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ senatoru Rocer Uikerin rəhbərlik etdiyi nümayəndə heyəti dünən Ermənistana gəlib və iyulun 5-dək ölkəmizdə qalacaq. Amerika nümayəndə heyətləri Ermənistana dəfələrlə gəlib, amma bu senatorun kim olduğunu nəzərə alsaq, bu səfər kifayət qədər diqqət çəkir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Nəşr bildirir ki, Uiker açıq-aşkar anti-Rusiya mövqeləri ilə tanınır və 2021-ci ilin sonunda Moskvaya qarşı qabaqlayıcı nüvə hücumuna çağırıb:

“Uiker həm də ABŞ Senatının hərbi komitəsinin aparıcı üzvüdür. Respublikaçılar Partiyası Donald Trampın qələbəsindən əmin olaraq, xarici siyasətə daha çox diqqət ayırmağa başlayıb.

Əldə etdiyimiz məlumata görə, Uiker Ermənistana vəziyyətlə tanış olmaq, gələcək administrasiyanın siyasətini Ermənistanın yüksək rütbəli rəsmilərinə təqdim etmək, həmçinin bəzi düzəlişlər etmək üçün gəlib.

Hakim komandadakı mənbəmizin verdiyi məlumata görə, Uiker təkcə baş nazir, parlament sədri, Təhlükəsizlik Şurasının katibi ilə görüşməyəcək, həm də qərbyönlü partiya və qurumların nümayəndələri ilə təmaslarda olacaq. Mənbəmiz bildirir ki, hakimiyyət bu səfərdən kifayət qədər narahatdır”.


Müəllif: Mənsur Rəğbətoğlu