ABŞ ilə yanaşı Avropa ölkələri də Yaponiya ilə hərbi təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə başlayıb. Bu ay Yaponiyada keçiriləcək təlimlərdə Almaniya, Fransa və İspaniya hərbi təyyarələri də iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, bu, Avropa ölkələrinin Yaponiya ilə Sakit okean bölgəsində ilk ortaq hərbi təlimləridir:
“Bundan başqa, Avropa İttifaqı Yaponiya və Cənubi Koreya ilə birgə hərbi texnikanın istehsalına yaşıl işıq yandırıb. Brüsselin mövqeyi belədir ki, Asiyadakı tərəfdaşlarıyla hərbi əməkdaşlığı gücləndirilməsi bölgədə böhranların idarə olunmasına kömək edəcək.
Avropanın 30 hərbi təyyarəsinin iştirakı ilə iyulun 19-20-də Yaponiyada keçiriləck birgə hərbi təlimlər “Sakit okean səması” adlanır. Hərbi təlimlərə ABŞ, Avstraliya və Hindistan da qoşulacaq. Filippinin də birgə hərbi təlimlərdə iştirakı istisna deyil. Yaponiya müdafiə naziri Minoru Kixara təlimləri yüksək qiymətləndirərək, bunun Sakit okeanın hava məkanında azad uçuşların təminatı olacağını bildirib.
Pekin fərqli düşünür, Avropa İttifaqı ölkələrinin Yaponiya və Cənubi Koreya ilə artan hərbi əməkdaşlığı və birgə təlimlərinin bölgədə gərginliyi artıracağı qənaətindədir. Çin Yaponiyanın son illərdə hərbi büdcəsini artırmasından da narahatdır. Yaponiya müasir qırıcı təyyarələrin istehsalıyla bağlı Böyük Britaniya və İtaliya ilə sazişlər imzalayıb. Bundan başqa, Yaponiya ABŞ ilə birgə hərbi texnika istehsalını genişləndirəcək”.
Mərkəzin ekspertləri hesab edirlər ki, Yaponiyanın qorxusu Çinin artan hərbi gücü, Tayvan ətrafındakı vəziyyət və Şimali Koreyanın nüvə proqramıyla bağlıdır: “Çin Tayvanı ram etmək planından imtina etməyib. Tayvan ətrafında Çinin hərbi təyyarələri, gəmiləri növbə tutmaqda davam edirlər. Tokio bu prosesi diqqətlə izləyir”.