6 İyul 09:05
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Böyük Britaniyada keçirilən parlament seçkilərində Mühafizəkarlar Leyboristlərə uduzdu. Krallığın yeni baş naziri Leyboristlər Partiyasının lideri Keyr Starmer oldu. Leyboristlərin hakimiyyətə qayıdışı Azərbaycan-Britaniya əlaqələrinə necə təsir edə bilər?

- Britaniyada hakimiyyət dəyişikliyindən asılı olmayaraq, Azərbaycanla krallıq arasında sıx əməkdaşlıq və tərəfdaşlıq davam edəcək, maraqlar üst-üstə düşür.

Böyük Britaniya Avropadanın tək-tük ölkələrindəndir ki, əvvəldən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Britaniya 44 günlük müharibədə də bu dəstəyini ifadə etmişdi. Həmin dönəmdə Fransa BMT Təhlükəsizlik Şurasında Azərbaycanın əleyhinə qətnamənin qəbul edilməsinə çalışanda Britaniya buna veto qoymuşdu. Düzdür, o zaman hakimiyyətdə Mühafizəkarlar idi, amma indi onların gedişi, Leyboristlərin gəlişinin heç bir fərqi yoxdur.

Mühafizəkarlardan əvvəl hakimiyyətdə Leyboristlər idi, o zaman da iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri vardı. Böyük Britaniyanın özünün milli və təhlükəsizlik maraqları var, bu maraqlar Azərbaycanla strateji tərəfdaşlığı diktə edir. Xatırlamıram ki, Azərbaycan müstəqilliyinin qazandıqdan bəri Britaniya ilə ölkəmiz arasında strateji zəmində hansısa gərginlik olsun.

- Azərbaycan və Çin arasında imzalanan strateji tərəfdaşlıq haqda bəyannamə də gündəmdədir. İndi bunu Azərbaycan üçün geosiyasi istiqamətdə bir seçim olduğunu deyənlər var. Siz nə fikirləşirsiniz: bu, xarici siyasi kursda bir seçimdirmi, yəni xarici siyasətimizdə balans dövrü geridə qalır?

- Deməzdim ki, balansdan imtina edirik, əksinə, balansı qorumağa çalışırıq. Çinlə də əməkdaşlıq vacibdir. Ümumiyyətlə, bir çox dövlət Çinlə əməkdaşlığa can atır. Düzdür, ABŞ Çini öz rəqibi sayır və onunla iqtisadi zəmində mübarizə aparır, amma Amerikanın müttəfiqi olan Avropa dövlətləri Pekinlə strateji tərəfdaşlığa çalışırlar.

Azərbaycan da iqtisadi sahədə Çinlə əməkdaşlığı artırır. Çünki Çinin inkişaf edən və böyüyən iqtisadiyyata malik ölkədir. İndi hamı istəyər ki, Çinlə idxal-ixrac əməliyyatlarını gücləndirsin. Bəzi Avropa ölkələri də buna çalışır.

Deməzdim ki, Azərbaycan seçimini Asiyadan yana edib, belə deyil. Avropa Birliyi ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır, neft-qazımızın əsas satıldığı bazar Avropadır. NATO ilə də strateji əməkdaşlığımız var. Yaxınlarda NATO-nun bir generalı Bakıda oldu, Baş Qərargah rəisi Kərim Vəliyevlə görüşdü. NATO generalı Azərbaycanla əməkdaşlığın inkişafında məmnunluğunu bildirdi.

Həmçinin Asiya istiqamətinə də önəm veririk. Məsələn, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə tərəfdaşlıq qururuq. Bizim üçün bazar vacibdir. Çinlə əməkdaşlıq həm də Pekinin Orta dəhlizlə bağlı Azərbaycana dəstəyi deməkdir. Biz buna çox ümidliyik.

Orta dəhliz Azərbaycan, Türkiyə və Gürcüstandan keçir, Zəngəzur dəhliz açılsa, Ermənistan da buna qoşulacaq. İndi bu sazişin imzalanması ilə Çin rəsmən bəyan etmiş oldu ki, Azərbaycanın Orta dəhlizdə əhəmiyyətli rol oynamasını qəbul edir.

- ABŞ-nin Azərbaycanı (həmçinin Ermənistanı) NATO-nun yubiley sammitinə dəvət etməsi Rusiya Xarici İşlər Nazirliyi tərəfindən sərt təpki ilə qarşılandı. Niyə Moskva adi bir dəvətə belə reaksiya verdi?

- Rusiya Azərbaycanın daxili işlərinə qarışmasın. Bəli, Rusiya ilə tərəfdaşlığımız var, münasibətlərimiz normaldır, ticarət tərəfdaşıyıq, amma biz heç bir dövlətin daxili işlərinə müdaxilə etmirik. Biz demirik ki, Rusiya niyə elə elədi, bunu belə eləmədi. Rusiya da bu çərçivəni gözləməlidir. Biz NATO üzvlüyünü qarşımıza məqsəd qoymamışıq, amma alyansla tərəfdaşlığımız davam edir. NATO-nun tədbirinə qatılmağımız o demək deyil ki, Rusiya ilə tərəfdaşlıq və əməkdaşlıqdan imtina edirik. Buna görə də, belə hədələyici açıqlamalar Azərbaycanın daxili işlərinə qarışmaq anlamı daşıyır.

Biz NATO ilə əməkdaşlığı inkişaf etdirməliyik, tədbirlərinə qatılmalıyıq. Bu, ABŞ-yə də aiddir. Amma bu o demək deyil ki, biz siyasətimizi dəyişirik. İndi Vaşinqton çalışır ki, NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil eləsin. Bu da mümkündür. Amma bu o demək deyil ki, sülh müqaviləsi Vaşinqtonun vasitəçiliyi ilə imzalanır və ya imzalanacaq. Azərbaycanla Ermənistan arasında vasitəçiyə ehtiyac yoxdur.

Biz bütün qütblərlə əməkdaşlıq edə bilərik, edirik. İndi Çin və Rusiya ilə əməkdaşlıq ediriksə, NATO-nun Vaşinqton toplantısına da çox rahatlıqla qatıla bilərik. Azərbaycan KTMT və Avrasiya İqtisadi Birliyinin üzvü deyil, yəni Rusiya belə hədələyici mesajları Ermənistana verə bilər. Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdür. Mən bu cür açıqlamaları Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirirəm.

- ABŞ də faəllaşıb, son həmlələri Vaşinqtonun sülh müqaviləsinin imzalanması üçün tələsdiyi təəssüratını yaradır. Sizcə, belə bir tələskənlik varmı?

- Bəli, belə bir tələskənlik var. ABŞ sülh müqaviləsini qısa müddətdə imzalamaq istəyir. Məncə, bunda iki səbəbə görə maraqlıdır.

Birincisi, düşünürlər ki, nə qədər Rusiyanın başı Ukraynada qarışıb, Cənubi Qafqazda məsələləri həll etmək lazımdır ki, Moskvanın müdaxilə imkanları olmasın. Çünki Rusiya Ukrayna məsələsini hansısa formada bitirsə, diqqətini Mərkəzi Asiya və Cənubi Qafqaza yönəldəcək, bu bölgələrə təzyiqi artıracaq. İndi Rusiyanın başı qarışıqdır. ABŞ də bundan istifadə edərək, qısa müddətdə sülh müqaviləsinin imzalanmasını istəyir.

ABŞ-nin tələskənliyinin başqa bir səbəbi də var. Vaşinqton Azərbaycanla Ermənistan arasında qısa müddətdə sülh müqaviləsinin imzalanmasını həm də Zəngəzur dəhlizinə görə istəyir. Məqsəd də budur ki, sülh müqaviləsi imzalansın, Zəngəzur dəhlizi açılsın və Orta dəhliz buradan keçsin.

ABŞ görür ki, Zəngəzur dəhlizinin açılması yubanarsa, bu xətt İrandan keçəcək. Artıq Azərbaycanın İranla razılaşması var, Araz dəhlizi adlanır. Amerika bunun reallaşmasını istəmir. Buna görə də, ABŞ Zəngəzur dəhlizini ön plana çıxarır. Amma bu, Ermənistanla Azərbaycan arasındakı müəyyən məsələlərin həllindən asılıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər