Özündə güc, təpər hiss edən partiya seçkilərdə iştirak etməlidir və mübarizəsini sivil yolla aparmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Demokratiya Və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib.
Hüquq müdafiəçisi bildirib ki, parlamentin buraxılmasını Milli Şura heç bir hüquqa sığmayan formada davranaraq Milli Məclisin buraxılmasını sual altına alır:
"Halbuki, Milli Məclisin buraxılması konstitusiyaya tamamilə uyğun şəkildə həyata keçirilib. Milli Şuradakı şəxslər, seçkidə uduzacaqlarını, güclərinin olmadığını əvvəlcədən hiss eləyən partiyalar seçkiyə qatılmaqdan imtina etməklə müxtəlif bəhanələr ortaya atırlar, seçki prosesini, seçkiyə qatılanları hədəfə alaraq hüquqa zidd mövqe ortaya qoyurlar. Bu yol düzgün yol deyil və heç bir partiyanı və heç bir siyasətçini irəli apara bilməz. Seçkidə iştirak eləyən siyasi partiyaları, siyasətçiləri, müstəqil şəxsləri, tanınmış ictimai-siyasi xadimləri seçkidə iştirak etdikləri üçün təhqir eləmək, aşağılamaq, seçkini indidən şübhə altına almaq əslində hüquqların pozulmasıdır, qanun pozuntusudur. Hər hansı namizədə və siyasi partiyaya qarşı tənqid ola bilər, amma təhqir və böhtana yol verilirlirsə şübhəsiz ki, bu hüquqi məsuliyyət yaradacaq. İstər seçki dövrü olsun, istər seçkilər olmayan dövrdə təhqir və böhtan hüquqi məsuliyyət yaradır”.
Ç.Qənizadə qeyd edib ki, kimlərinsə seçki kampaniyası dövründə seçkidə iştirak edən şəxslərə və siyasi partiyalara qarşı təhqirə və böhtana yol verməsi halları qeydə alınacaqsa yəqin ki, müvafiq orqanlar qanunun dili ilə həmin şəxslərlə danışmalı olacaq: “Heç kim düşünməsin ki, təhqir və böhtana, başqasının şərəf və ləyaqətini aşağılayan hərəkətlərə yol verəcək, ancaq məsuliyyətdən uzaq dayanacaq.
Seçkidə iştirak edən namizəd və ya siyasi partiya təhqirə və böhtana məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət etmək hüququna malikdir. Kimlərsə qanunsuzluqla üzləşərlərsə bu hüquqlarından istifadə edə bilərlər".