5 İyul 13:19
3 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərazi bütövlüyünü bərpa edən, Cənubi Qafqazda savaşa son qoyan Azərbaycan dünyaya təhlükəsiz nəqliyyat dəhlizləri, keçid və daşınmalar vəd edir.

Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvəsindəki iştirakı və bu toplantıda müzakirə olunan məsələləri Teleqraf.com-a şərh edən politoloq Arzuman Abdulkərimov belə deyib.

“Prezident İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin xüsusi dəvəti ilə toplantıya qatıldı. Qazaxıstan liderinin cənab prezidentə diqqəti səbəbsiz deyil, o, bunu öz sözləri ilə dilə gətirdi. Tokayev İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda baş verən müsbət dəyişikliklərə diqqət çəkdi, onun ölkənin şəksiz lideri, görkəmli dövlət xadimi olduğunu söylədi. Qazaxıstan-Azərbaycan əlaqələri son dörd ildə yüksək səviyyəyə çatıb, iki ölkə arasında etibarlı əməkdaşlıq qurulub. Təsadüfi deyil ki, İlham Əliyevin son dörd ildə ən çox səfər etdiyi ölkələrdən biri Qazaxıstandır, cənab prezident bu müddətdə dörd dəfə qardaş ölkədə olub. Üç dəfə də Tokayev ölkəmizdə olub, Şuşaya səfər edib. Bütün bunlar ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyəsini göstərir”, - ekspert bildirib.

Şanxay Əməkdaşlıq Təşkilatının toplantısına gəlincə, Arzuman Abdulkərimov qeyd edib ki, Azərbaycan ikinci dəfədir bu qurumun zirvəsinə dəvət alır:

“Azərbaycan ŞƏT-ə üzv ölkələrlə əlaqələri yüksək səviyyədədir. Xüsusən də son illərdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə artan qlobal maraq bu xətlərin vazkeçilməz hissəsi olan Azərbaycana marağı da artırıb. Bu, Qərblə yanaşı, Şərq dünyasına da aiddir.

Dəyişən və yeni formalaşan dünya düzənində Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm nəqliyyat-logistika qovşağına çevrilir. Avrasiyada bütün yollar Azərbaycandan keçir. İndi dünyanın gözü bütün istiqamətləri özündə birləşdirən Orta dəhliz və Avrasiyanın arteriyasını təşkil edən bu xəttin üzərində yerləşən Azərbaycandadır. Azərbaycan artıq Orta dəhlizin tam gücü ilə işə düşməsinə hazırdır. Bu xətdə ən hazırlıqlı ölkə elə Azərbaycandır. Hələ illər əvvəldən Orta dəhlizin bir hissəsi olan Bakı-Tiflis-Qars dəmir yolu işlək durumdadır. Təsadüfi deyil ki, bu yolun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Perspektiv və imkanları bu həcmi daha da artıra bilər.

İllik ötürücülük qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər artırılması planlaşdırılan Ələt Beynəlxalq Dəniz Ticarət Limanı da bura daxildir. Azərbaycanın təkcə Orta dəhliz yox, Şimal-Cənub dəhlizi üçün də dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Bütün bu amillər və coğrafi mövqeyi ilə Azərbaycan indi dünyanın böyük güclərinin diqqətindədir. Bu gün bir daha sübut olunur ki, Azərbaycanın iştirakı olmadan bu beynəlxalq əhəmiyyətli layihələri həyata keçirmək mümkün deyil.

Hazırda dünyada baş verən savaşların məhz beynəlxalq nəqliyyat dəhlizləri ilə əlaqədar olduğunu düşünürəm. Bir çox istiqamətlər üzrə dəhlizlərin təhlükəsizliyinə ciddi təhdidlər yaranıb. Məsələn, Yaxın Şərqdən keçən yollar HƏMAS-İsrail, Rusiyadan keçən xətlər də Ukraynadakı münaqişəyə görə təhlükəsizlikdə deyil. Öz ərazi bütövlüyünü bərpa edən, Cənubi Qafqazda savaşa son qoyan Azərbaycan bu baxımdan dünyaya təhlükəsiz keçid və daşınmalar vəd edir və bunu da ən yüksək formada həyata keçirir. Azərbaycanın bölgədə yaratdığı sabitlik və inkişaf mühiti Cənubi Qafqazdan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin də davamlılığı, təhlükəsizliyi və səmərəliliyini artırır. Şərq və Qərbdə Azərbaycana artan qlobal maraq məhz bundan irəli gəlir.

Təxminən 200 ölkənin yekdil dəstəyi ilə COP29 kimi mühüm bir tədbirin Azərbaycana həvalə edilməsi də, bu etibar və nüfuzun göstəricisidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər