5 İyul 19:58
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq barədə bəyannamənin imzalanması münasibətlərimizdə hər iki tərəfin maraqlarına cavab verən yeni mərhələnin başlanğıcıdır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Çin dünyanin iki nəhəng gücündən biri və geosiyasi proseslərə yetərincə təsir etmək imkanına malik olan dövlətdir:

“Çinin Azərbaycana olan marağı ölkəmizin dünyada artmaqda olan nüfuzu, müstəqil siyasət yeritmək iradəsi, Azərbaycanın regional dövlət olaraq Cənubi Qafqazın lider dövləti olması, nəqliyyat qovşaqlarının üzərində yerləşməsi, tranzit və logistik imkanları eyni zamanda karbohidrogen ehtiyatlarına malik olması amillərindən irəli gəlir. Azərbaycanın Çinlə ticarət dövriyyəsi 3 milyard dollar təşkil edir. Ölkə özünün qeyri neft məhsullarının ixracatını daha da genişləndirmək üçün Çinin 6 şəhərində kommersiya işlərini həyata keçirir. Rəsmi Bakı Pekinin "Bir Kəmər, Bir Yol" layihəsini dəstəkləyən və əməkdaşlığa hazır olan tərəfdir. Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin üzərində yerləşməsi dünya bazarlarına getdikcə daha böyük miqyaslarda nüfuz etməsi Çin üçün cəlbedicidir. Eyni zamanda Azərbaycana həm iqtisadi, həm də geosiyasi dividentlər vəd edir".

Politoloq qeyd edib ki, Rəsmi Bakının son vaxtlar Çin və Rusiyanın nüfuz sahibi olduğu beynəlxalq təşkilatlarla əməkdaşlığa meyl etməsi, müasir dövrün qlobal çağırışlarına mövqeyi çoxqütblü və ədalətli dünya nizamının formalaşmasında maraqlı olan dövlətlər tərəfindən rəğbətlə qarşılanır:

"Eyni zamanda idarəolunan xaos nəzəriyyəsinin Qərbdə tərəfdarları olan bəlli dairələr tərəfindən təqdir edilmir. Bakının Şanxay Əməkdaşlıq təşkilatı və BRİKS-ə olan marağı, məlum tərəflərlə əməkdaşlığın genişləndirilməsi istəklərindən xəbər verir. Çinlə strateji tərəfdaşlıq barədə bəyannamənin Astanada Şanxay Əməkdaşlıq təşkilatı dövlət başçılarının 24-cü görüşündə imzalanması tərəflər arasında qarşılıqlı etimada söykənən münasibətlərdə bu təşkilatların da özünəməxsus rolundan irəli gəlir”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər