Ermənistanın qərbyönlü qüvvələrindən yaradılan “Demokratik Qüvvələrin Platforması” yaxın günlərdə Avropa Birliyinə (AB) üzvlük məsələsinin referenduma çıxarılması tələbi ilə imzatoplama təşəbbüsünə başlayacaq.
Teleqraf.com xəbər verir ki. bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
“Respublika”, “Respublika Naminə” və digər avropayönlü partiya, eləcə də QHT nümayəndələrinin iştirakı ilə formalaşan platforma bir neçə həftə əvvəl AB-yə üzvlüklə bağlı referendum üçün ümumxalq imzatoplamasının keçirilməsi təşəbbüsü barədə məlumat vermişdi. Artıq 200 mindən çox izləyicisi olan “Eurovote” Feysbuk qrupu ötən həftə fəaliyyətə başlayıb.
Platformaya daxil olan Tiqran Xzmalyan “Hraparak”a bildirib ki, hazırlıq işləri yekunlaşmaq üzrədir, yaxın günlərdə imzatoplamaya start veriləcək. Onun sözlərinə görə, ikinci mərhələdə ideyanı həyata keçirməyə, 300 min imza toplamağa çalışacaqlar ki, məsələ qanunun gücü ilə referenduma çıxarılsın.
Referendumla bağlı qanunda 45 gün nəzərdə tutulub, bu müddət ərzində 50 min imza toplanmalı, sonra bu imzaların qanuniliyi Mərkəzi Seçki Komissiyası tərəfindən yoxlanılmalıdır. Ardınca sənəd parlamentə göndərilməlidir, parlament də referendum təklifini ya qəbul, ya da rədd edəcək.
Platforma bundan əvvəl referendumun keçirilməsi təklifini parlamentə göndərmişdi, amma Baş nazir Nikol Paşinyan onu dəstəkləyən qərbyönlü siyasi qüvvələrin təklifini rədd etmişdi. Baş nazir iyulun 1-də Ermənistanda belə bir referendum keçirməyəcəyini demişdi. Nəşrin fikrincə, əslində, Paşinyan AB-yə üzvlükdən yanadır, sadəcə bunun indiki məqamda əks nəticələr (Rusiya baxımından) doğura biləcəyini düşünərək təxirə salır. Artıq görünən budur ki, Paşinyan hökuməti məsələni bitirmək üçün zəmin yaratmağa çalışır.
Rusiya hökuməti bundan əvvəl dəfələrlə Ermənistana qərbyönlü siyasəti və AB-yə üzvlük məqsədlərinə görə sərt şəkildə etiraz və bunun mümkün nəticələri barədə xəbərdarlıq edib.