Ermənistan Baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə baş verən kütləvi istefalar seçkiqabağı proses məntiqi kimi anlaşılmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib.
Onun fikrincə, hakimiyyət bu yolla yeni imic ortaya qoymağa çalışır:
“Təraş məsələsi də (Paşinyanın saqqalını təraş etməsini nəzərdə tutur – red.) bu baxımdan simvolikdir və təsadüfi deyil. Mümkündür ki, bununla hansısa mesajlar verib”.
Artıq Ermənistan İstintaq Komitəsinin sədri Arqişti Kyaramyan, Korrupsiyaya qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçaturyan, Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan, daxili işlər naziri Vahe Qazaryan, Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan və ərazi idarəetmə naziri Qnel Sanosyan istefa verib. İstefaların davamlı olacağı gözlənilir.
Ermənistan baş naziri bundan öncə bəzi yüksək vəzifəli məmurların onun tələbi ilə istefa verəcəklərini açıqlamışdı.
Yerli media və müxalifət Nikol Paşinyanın erkən parlament seçkilərinə hazırlaşdığını iddia edir.