2022 -ci il Formula 1 Azərbaycan Qran Prisinin başlamasına 10 gün qaldı. Bu il azarkeşlərin canlı iştirakı ilə baş tutacaq Bakı yarışının trekində görülən hazırlıq işləri ilə tanış olmaq üçün media tur təşkil olunub.
Teleqraf.com xəbər verir ki, tur zamanı trekin xüsusiyyətləri, Paddok ərazisi, tribunalar haqqında jurnalistlərə ətraflı məlumat verilib.
Qeyd edək ki, Bakı Şəhər Halqası adlanan trekin uzunluğu 6 km-dir və alman mütəxəssis Hermann Tilke tərəfindən inşa olunub.
Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trekində 20 döngə mövcuddur.
Bakı Şəhər Halqasını digər treklərdən fərqləndirən cəhətlərdən biri sərt döngələri və təqvimdəki treklər arasında ən dar hissənin məhz burada olmasıdır. (8-ci və 9-cu döngələr)
Tarixiliyin və müasirliyin vəhdətini uğurlu şəkildə bir araya gətirən Bakı halqası 52 dövrədən ibarətdir və saatın əksi istiqamətində hərəkət edir.
2017-ci ildə azarkeşlər tərəfindən “İlin ən yaxşı yarışı” adına layiq görülən Formula 1 Azərbaycan Qran Prisi ən sürətli şəhər yarışlarından hesab olunur. Trekdə ən sürətli dövrə rekordu (1:43.009) Ferrari komandasının pilotu Şarl Leklerə aiddir.
Xatırladaq ki, artıq beş dəfə keçirilməsinə baxmayaraq bu vaxta qədər heç bir Formula 1 pilotu Bakıda iki dəfə qalib gəlməyi bacarmayıb. Bu məqam hətta pilotlar arasında “Bakı sindromu” adlandırılır.
Azarkeşlərin, marşalların və könüllülərin təhlükəsizliyini təmin etmək məqsədilə trek ətrafında 3600-a yaxın beton blok quraşdırılıb.
Bakı Şəhər Halqasında 9 tribuna yerləşir. Ən böyük tribuna 5500 tamaşaçı tutumu olan Abşeron tribunasıdır. Ən kiçik tribuna isə Sahil (456 tamaşaçı tutumlu) tribunasıdır.
Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün ümumilikdə tribunalarda 16700 oturacaq quraşdırılıb.
İçəri şəhər - trekin ən tarixi tribunasıdır, İçəri şəhərin Qoşa Qala qapılarının girişində yerləşir. Buradan azarkeşlər yarışı izləməklə bərabər tarixi qala divarlarının mənzərəsindən də zövq ala bilirlər. İçərişəhər tribunası 900 nəfər tamaşaçı tutumuna malikdir.
Bakı Şəhər Halqası haqqında məlumatı www.bakucitycircuit.com rəsmi internet səhifəsindən əldə etmək mümkündür.