Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzainin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət Komitəsindən verilən məlumata görə, Aydın Əliyev BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıqdan, əlaqələrin gələcək perspektivlərindən bəhs edib.
Komitə sədri 1999-cu ildən icrasına başlanılan BMT İP və Azərbaycan Hökuməti arasında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması" layihəsinin uğurla davam etdiyini məmnunluqla xatırlamış, bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışıb.
Birgə gerçəkləşdirilən layihələrin bütövlükdə BMT İnkişaf Proqramının Dövlət Gömruk Komitəsinə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən Aydın Əliyev bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirmiş, eləcə də son dövrlər gömrük sistemində aparılan islahatlar barəsində qonaqlara ətraflı məlumat verib.
Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai rəhbərlik etdiyi qurumun gömrük orqanları ilə əlaqəli fəaliyyətindən söhbət açıb, mövcud olan sıx və səmərəli münasibətlərin daimi olacağına əminliyini ifadə edib.
Görüşdə, kadr potensialının gücləndirilməsi istiqamətində BMT İnkişaf Proqramı ilə Azərbaycan Gömrük Xidməti arasında əlaqələrin gələcək perspektivlərindən bəhs edilmiş, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra qonaqlar Dövlət Gömrük Komitəsində “Hədəf” Mərkəzinə baxış keçiriblər.
İlhamə ƏBÜLFƏT