Politoloq Elxan Şahinoğlu öz feysbuk səhifəsində Ermənistan prezidenti Serj Sərkisyanın NATO sammitinə qatılmasını şərh edib. Politoloqun fikirlərini təqdim edirik:
Ermənistan prezidenti Serj Sərkisyan niyə NATO sammitlərinə qatılır? Axı NATO-nun hər sammitində olduğu kimi Varşava toplantısının yekun bəyanatında da Gürcüstan, Ukrayna və Modlova ilə yanaşı Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edildi. Bu ATƏT sammiti deyil ki, Ermənistan veto hüququndan istifadə edərək yekun bəyanatın qəbuluna mane olsun. Əlbəttə, Sarkisyan sammitlərə dəvəti NATO rəhbərliyindən alır. Ancaq hər dəvət olunan yerə gedərlərmi? Bir halda ki, NATO bəyanatının Ermənistanın xeyrinə olmadığını sammitdən əvvəl biləsən. Ermənistan ordusu Azərbaycan ordusundan fərqli olaraq hərbi birləşmələrində nə NATO standartlarının qəbuluna səy göstərir, nə də Şimali Atlantika Bolkunun şərqdəki ən böyük layihəsi olan Əfqanıstanda hər hansı kiçik rola malikdir.
Serj Sərkisyanın NATO sammitlərində iştirakının sadəcə bir mənası var: Ermənistan prezidenti görüntü yaratmaq istəyir ki, NATO-nun rəqibi olan Rusiyanın vassalı deyil, müstəqil qərarlar da verə bilir. Çünki Ermənistan üçün heç bir əhəmiyyət kəsb etməyən NATO sammitinə getməsə, bu, birmənalı İrəvanın Kremldən qorxduğu anlamına gələcək.