İran prezidenti Həsən Ruhani yaxın vaxtlarda Ermənistana səfər edəcək. Teleqraf.com-un məlumatına görə, hələlik səfərin dəqiq tarixi məlum olmasa da, onun oktyabr ayında həyata keçiriləcəyi istisna olunmur.
Qeyd edək ki, hər zaman yaxşı olan İran-Ermənistan münasibətlərinin son vaxtlar daha da istiləşməsi nəzərdən yayınmır. İran bir neçə ay öncə Gürcüstana qaz xətti çəkməyi Azərbaycan üzərindən deyil, Ermənistan üzərindən həyata keçirməklə bağlı qərar verdi. Ötən ay İranda təntənəli şəkildə erməni oyunları keçirildi. Müxtəlif ölkələrdən olan ermənilərin qatıldığı yarışlarda Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş separatçı-terrorçu rejimin bayrağı altında da idmançılar iştirak etdi. Başqa digər sahələrdə də iki ölkənin münasibətlərində nəzərəçarpacaq irəliləyiş var.
Bir müsəlman şiə ölkəsinin əhalisinin böyük əksəriyyətini şiələr təşkil edən başqa bir ölkənin torpaqlarını işğal etmiş dövlətlə bu cür hərtərəfli əməkdaşlığı isə yalnız acı təəssüf doğurur. Bu istiqamətdə fikirlərini
Teleqraf.com-la bölüşən politoloq Qabil Hüseynli deyib ki, Ruhaninin Ermənistana səfəri İranın strateji maraqlarından irəli gəlir. Onun sözlərinə görə, özünü şiə dünyasının lideri elan edən bir dövlət şiə dövləti olan Azərbaycana qarşı təcavüzkar hərəkət edərək, onun torpaqlarını işğal etmiş Ermənistanla yüksək əlaqələr qurub: “Belə olan şəraitdə məncə İran Azərbaycanın təəssübünü Ermənistandan daha çox çəkməlidir. Yəni, İran kimi böyük bir dövlətin prezidenti Ruhani burdan durub cırtdan dövlət olan Ermənistanın paytaxtına səfər etməsi və onlara xüsusi pişvaz göstərməsi o qədər də ürəyəyatan deyil. Əlbəttə, biz çox istərdik ki, İranın sözdə elan etdiyi müsəlman həmrəyliyi əməldə də öz əksini tapsın. İran Qüds günü keçirir, Qüdsün işğalına, İsrailə etiraz edir, İsraili hətta yer üzündən siləcəyini bəyan edir. Amma digər tərəfdən azərbaycanlılara qarşı müxtəlif soyqırımları, o cümlədən Xocalı soyqırımını həyata keçirmiş Ermənistana qarşı da İsrailə bəslədiyi münasibəti bəsləməlidir. Yəni, biz də şiə müsəlmanıq, orda – İranda bizim 35 milyon soydaşımız yaşayır. İran bizə münasibətdə daha həssas və qayğıkeş olmalıdır. Bizim əhalimizin və ərazimizin böyük hissəsi İranın ərazisindədir. Yəni, mən Ermənistana xüsusi qayğı göstərməklə İranın nəyə nail olacağını baş düşmürəm. Yəqin ki, heç nəyə nail olmayacaq. Əksinə, Azərbaycanı bir az da qayğılandıracaq. Çox istərdim ki, İranla Azərbaycan arasında strateji münasibətlər inkişaf etsin. İran Ermənistana da İsrailə bəslədiyi münasibət kimi prinsipial münasibət bəsləsin. O zaman Azərbaycan-İran münasibətləri daha yüksək səviyyəyə qalxa bilər”.
İranla Ermənistan arasında münasibətlərin son vaxtlar yüksələn xətt üzrə inkişaf etməsinə, o cümlədən İrandan Gürcüstana qaz kəmərinin Azərbaycan vasitəsilə deyil, Ermənistan ərazisindən çəkilməsinə gəldikdə isə Q.Hüseynli deyib ki, bu, çox biabırçı bir işdir: “Azərbaycan ərazisində hələ sovet dövründə İrandan çəkilmiş qaz kəməri var. O qaz kəməri saz vəziyyətdədir. Bu kəmər ola-ola dağlıq Ermənistan ərazisindən yeni qaz kəməri çəkmək ideyası və bunun vasitəsilə Gürcüstana, ordan da guya Avropa çıxacaqları barədə bəslənilən xəyallar məncə xam xəyallardır. Əvvəla, bu layihə böyük maliyyə vəsaiti tələb edir. İkincisi də, Ermənistanın dirçəlməsinə kömək olacaq. Bundan sonra İran Azərbaycanla bərabərhüquqlu qardaşlıq münasibətlərinin, strateji münasibətlərin inkişaf etdirilməsindən dəm vura bilməyəcək”.
Q.Hüseynli bildirib ki, Ermənistanı həm siyasi, həm də iqtisadi cəhətdən sıxışdırmaq əvəzinə ona lazım olanda siyasi, lazım olanda çox geniş miqyasda iqtisadi dəstək, İranda yaşayan ermənilər üçün böyük hüquqlar verən Tehran nədənsə orada yaşayan 35 milyonluq azərbaycanlının hüquqlarını da nəzərə almır: “Eyni zamanda Azərbaycan Respublikasının müstəqilliyini də heç cür həzm edə bilmir. Hər halda İranın Ermənistana münasibətindən belə görünür ki, Tehran Ermənistanın güclənib Azərbaycana qarşı daha güclü dayanmasını istəyən dövlətdir. Məncə İran yanlış siyasət aparır və bu yanlış siyasət islam dünyası tərəfindən, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı tərəfindən mütləq pisləniləcək, digər müsəlman dövlətləri tərəfindən qəzəblə qarşılanacaq”.
Səxavət HƏMİD