Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, ötən günlər ərzində yağan leysan xarakterli yağış nəticəsində respublikanın çaylarında suyun səviyyəsində artım müşahidə olunub, oktyabrın 16-da Pirsaatçay və Ağsuçay çayından qısamüddətli daşqın keçib.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-300, Kiçik Qafqazın çaylarında 110-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 170-300 faizini təşkil edir.
Oktyabrın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla ongünlük normanın 89 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 180 m3/s olmaqla ongünlük normanın 107 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 13 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 124 m3/s olmaqla, ongünlük normanın 116 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 103 m3/s təşkil edərək ongünlük normanın 96 faizinə bərabər olub.
Oktyabrın 17-də Kür çayının aşağı axınında artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 39, Salyanda 10, Bankədə 18, Araz çayının Novruzlu məntəqəsində 40 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 485 sm (2015-ci il oktyabrın 17-də 351 sm), Salyanda 288 sm (2015-ci il oktyabrın 17-də 166 sm), Bankədə 249 sm (2015-ci il oktyabrın 17-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 195 sm (2015-ci il oktyabrın 17-də 68 sm) təşkil edir.
İlhamə ƏBÜLFƏT