Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı məlumata əsasən bu gecədən başlayaraq yolların buz bağlaması ehtimalını nəzərə alan Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcı şirkətlərə xəbərdarlıq edib.
BNA-dan Teleqraf.com-a verilən məlumata görə, daşıyıcı şirkətlərə sərnişindaşımada istifadə edilən avtobusların xəttə buraxılmazdan öncə texniki baxımdan yoxlanılmasına nəzarətin gücləndirilməsi, avtobusların salonunda isitmə sisteminin işlək vəziyyətə gətirilməsi tapşırılıb.
Sərnişinlərin təhlükəsizliyi baxımından avtobus sürücülərı metereoloji vəziyyəti nəzərə alaraq yollarda müəyyən edilən sürət həddinə ciddi əməl etməlidirlər.
Həmçinin sərnişinlərin soyuq havada dayanacaqlarda uzun müddət gözləməməsi üçün daşıyıcılara avtobuslararası intervalı tənzimləmək də tapşırılıb.
İlhamə ƏBÜLFƏT