"Azərbaycana idxal olunan məhsullara daim sanitariya nəzarəti həyata keçirilir".
Teleqraf.com xəbər verir ki, bunu Respublika Sanitariya- Karantin Müfəttişliyinin bu gün keçirdiyi konfransda qurumun laboratoriya müdiri Tahir Vəliyev deyib.
Onun sözlərinə görə, hüquqi və fiziki şəxslərin rəsmi müraciətləri əsasında təqdim olunmuş məhsulu müşayiət edən sənədlər araşdırıldıqdan sonra laborator müayinələr üçün nümunələr götürülür: “Müayinələrin nəticələri sanitar-epidomoloji qaydalara və normativ tələblərə cavab verərsə, məhsul dövlət gigiyena qeydiyyatına alınır və realizasiyasına icazə verilir.
Məhsulun laborator müayinələrinin nəticələri normativ tələblərə cavab vermədiyi halda müvafiq tədbirlər görülür. Məhsulların dövlət gigiyena qeydiyyatına alınması zamanı istər gömrük-sərhəd keçidlərində, istərsə də respublika daxilində gecikmə hallarına yol verilmir”.
Tahir Vəliyev bildirib ki, müfəttişliyin laboratoriya şöbəsinin 2016-cı il ərzində sanitar-kimyəvi bölməsində 10460 müayinə, sanitar-bakterioloji bölməsində 6674 müayinə, toksikoloji bölməsində isə 4802 müayinə aparılıb: “Onlardan 1 nümunə (toyuq dərisi) sanitar-kimyəvi müayinələrə, 28 nümunə (ət, süd və konservləşdirilmiş məhsullar) sanitar-bakterioloji müayinələrə, 5 nümunə (uşaq oyuncaqları, makiyaj vasitəsi – pomada, efir yağları) toksikoloji müayinələrə ğörə sanitariya norma və qaydaların tələblərinə cavab verməyib.
Bu məhsullardan təkrar nümunələr götürülərək müayinələr aparılıb. Nəticələri sanitar norma və qaydaların tələblərinə cavab verməyən məhsullar gigiyena qeydiyyatına alınmayıb”.
İlhamə ƏBÜLFƏT