28 Fevral 2017 15:09
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli əməkdaşlarından zərər görmüş vətəndaşlar şikayətçidirlər.

Teleqraf.com xəbər verir ki, şikayət edən zərərçəkmişlər MTN İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işində adı keçən sahibkarlardır.

Şikayətçilərin müraciətin bir nüsxəsini redaksiyamıza göndəriblər. Onlar Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ediblər.

"Texnikabank" ASC-nin əmanətçiləri olan Nizami Kazımov, Hüseyn Səfərov, Elşən Mədətov, Mehrac Qurbanov, Namil Rzayev, Bahəddin Sultanov, Musənnif Salahov, Akif Qurbanov MTN rəsmilərinin haqsızlığına, zorakılığına, talançılığına məruz qaldıqlarını qeyd ediblər.

Müraciətdə deyilir: “Hörmətli Mehriban xanım, haqqın, ədalətin carçısı, müdafiəçisi kimi Sizin qapınıza böyük ümidlə pənah gətirməyimizə zərurət yaradan hal üzləşdiyimiz sosial haqsızlıq, keçmiş MTN əməkdaşları tərəfindən hədə-qorxu tətbiqi ilə varidatımızın ələ keçirilməsidir. Bu müraciəti Sizə ünvanlamağı qaçılmaz edən məhz odur ki, mahiyyət etibarı ilə respublikamızın lider qadını və ictimai-siyasi xadimsiniz.

Dəqiq mövqeyi, vətəndaş mövqeyi və ictimai mövqeyi olan xanımsınız. Respublikanın birinci vitse-prezidenti, habelə parlamentin deputatı olaraq ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdə bilavasitə iştirak edir və fəallıq nümayiş etdirisiz”.

Zərərçəkmişlər müraciətlərində “Texnikabank” ASC-nin keçmiş əmanətçiləri kimi ləğv edilmiş MTN rəsmiləri tərəfindən hüquqlarının pozulduğunu vurğulayıblar: “Bildirmək istəyirik ki, zərərçəkmiş şəxs qismində tanınan hər birimiz vətənini, xalqını ürəkdən sevən, Heydər Əliyev ideyalarına, eləcə də bugünki iqtidara sədaqət nümunələri göstərmiş əsl vətənpərvər insanlarıq. Vətənimiz Azərbaycan üçün lazım gələrsə qan, lazım olsa can verməyə, bir sözlə, dövlətimizə xidmət etməyə hər zaman hazırıq.

Bir çox xeyriyyəçilik işlərində bizim də imzamız var, çoxlu sayda ağır xəstələr maddi dəstəyimizlə şəfa, çox-çox ailələr nicat tapıb. Lakin tərəqqi yolunda irəliləyən Azərbaycanımızın hazırkı reail inkişafını gözü götürməyən Eldar Mahmudovun, Akif Çovdarovun və onların əlaltıları qanunazidd əməllərinə görə həbs edilən və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan MTN-nin istintaq baş idarəsinin 2-ci şöbəsinin keçmiş rəisi Vüsal Ələkbərovun, habelə MTN-nin istintaq idarəsinin keçmiş rəisi, sözügedən hadisələrə bilavasitə dirijorluq edən, çox ustalıqla istintaqdan yayınan Mövlam Şıxəliyevin bizlərə, həmçinin onlarla namuslu insanlara qarşı yönəltdiyi qanundankənar təqibləri, zorakılıqları, hədə-qorxuları ilə talançılıqları, rüşvətxorluqları yalnız dövləti sarsıtmağa və bilərəkdən sosial gərginlik yaratamağa, zəhmətsiz, haram yolla varlanmağa hesablanıb.

Başımıza gətirilən faciənin baş qəhrəmanlarından biri də “Texnikabank” ASC-nin müşahidə şurasının sədri, Eldar Mahmudovun sağ əli hesab edilən Etibar Əliyevdir. Əgər Etibar Əliyev xəlvəti yolla MTN rəsmiləri ilə əməkdaşlıq etməsəydi, MTN-ə gizli yollarla informasiya ötürməsəydi, Vüsal Ələkbərov və ya Mövlam Şıxəliyev haradan bilmiş olardılar ki, biz əmanətçilər banka nə qədər vəsait qoymuşuq?!

Bizim hər birimizi bu gün bir sual dərindən düşünməyə vadar edir ki, görəsən, qanuni yolla banka əmanət etibar etmək nə vaxtdan dələduzluq sayılır? Banka əmanət yatızdırmaq həqiqətən cinayət hesab edilirsə, bəs onda Etibar Əliyev hansı zərurətə görə yalnız biz 8 nəfərin siyahısını MTN-ə göndərib. Bizdən savayı “Terxnikabank”da digər əmanətçilər mövcud deyildimi?

Biz bu sualı özümüz cavablandırırq. MTN-i yalnız iri məbləğdə olan əmanətlər maraqlandırıb”.

Müraciət müəllifləri həmçinin qeyd ediblər ki, dövlətin təhlükəsizliyini qorumalı olan MTN öz işindən başqa bütün iyrənc işlərlə, hətta adam oğurluğu ilə də məşğul olub: “İllər öncə Hacı Məmmədovun cinayətkar əməllərini ifşa edib, sonradan onun funksiyalarını məhz Mövlam Şıxəliyev və Vüsal Ələkbərov icra etməyə başlayıb. Günahımız nə idi ki, Vüsal Ələkbərov və Mövlam Şıxəliyev həm son qəpiyə qədər pullarımızı aldılar, həm də bankdakı əmanətlərimiz batdi?”

Zərərçəkmişlər müraciətlərində Vüsal Ələkbərov və Mövlam Şıxəliyevin hədə-qorxu və zorakılıqla aldıqları külli miqdarda pulları barədə də qeyd ediblər. Bildirilir ki, Nizami Kazımov heç bir əsas olmadan 2 ay MTN-in təcridxanasında saxlanılıb, ondan 2 milyon dollar, Hüseyn Səfərov da 2 aydan çox saxlanılıb və 2 milyon dolları alınıb.

Elşən Mədətovdan 250 min, Mehrac Qurbanovdan 200 min, Namil Rzayevdən 500 min, Bahəddin Sultanovdan 370 min, Müsənnif Salahovdan 600 min, Akif Qurbanovdan 2 milyon dollar alınaraq mənimsənilib.

Şikayətçilər müraciətlərinin sonunda birinci vitse-prezidentdən belə xahiş ediblər: “Bizə dəymiş maddi ziyanın Vüsal Ələkbərov və Mövlam Şıxəliyev tərəfindən ödənilməsinə, eləcə də istintaqdan yayınan Mövlam Şıxəliyev və Etibar Əliyevin əsl təqsirkarlar kimi cinayət məsuliyyətinə cəlb edilməsinə qəti göstəriş verməyinizi ailələrimiz və doğmalarımız adından xahiş edirik”.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər