Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti malların markalanmasını həyata keçirən hüquqi və fiziki şəxslərə müraciət edib.
Dövlət Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yeyinti məhsullarının markalanması "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası qanunlarına əsasən aparılır. Ölkə ərazisində istehsal və realizə olunan yeyinti məhsulları üzərində aşağıdakı məlumatlar əksini tapmalıdır: məhsulun adı, istehsalçının adı, ünvanı və əlaqə məlumatları; məhsulun istehlak xüsusiyyətləri (tərkibi, kütləsi, növü, ölçüləri, qidalılıq dəyəri, enerji dəyəri, saxlanma şərtləri, hazırlanma üsulu və s.); məhsulun hazırlanması və uyğunluq standartları; məhsulun istehsal tarixi və yararlılıq müddəti; məhsulun istehsalına dair normativ sənədlərdə nəzərdə tutulmuş digər məlumatlar.
Bu məlumatlardan başqa markalanmada istehsalçı tərəfindən məhsulların istehsalında istinad olunan standartlarda və texniki şərtlərdə göstərilən digər məlumatlar da nəzərdə tutula və daha geniş məlumatlar verilə bilər.
Malın üzərindəki etiketlər və digər yazılar aydın, sadə dildə, başa düşülən şəkildə tərtib edilməlidir. Bu yazılar diqqəti çəkən, asan oxunan və uzun müddət silinməyən olmalı, istehlakçı üçün aydın, kifayətləndirici və dəqiq əks edilməlidir.
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmək olar (əlaqə telefonları: (012) 498-15-01 və (012) 498-15-04).