Hər dəfə hansısa qiymət artımı zamanı olduğu kimi bu dəfə də Tarix Şurasının qərarı bəzi şəxslər tərəfindən spekulyasiya obyektinə çevrilməkdədir. Bəzi iqtisadçılar isə “Aİ-92” markalı avtomobil benzininin qiymətinin tənzimlənməsinin iqtisadiyyatın əsas sahələrində, o cümlədən kənd təsərrüfatı və digər istiqamətlər də daxil olmaqla ölkədə qiymət artımına səbəb olacağına “əsaslandırmalar”a can atırlar. Halbuki bir sıra aspektlərdən dünənki tarif tənzimləməsinin qiymət artımına səbəb olmayacağını əminliklə söyləmək mümkündür.
Məsələn, ictimai nəqliyyat sektorunda dizel yanacağı, maye və ya sıxılmış qazdan istifadə olunduğuna görə bu sahədə qiymətlər sabit qalacaq. Hava nəqliyyatında reaktiv yanacaq istifadə olunur. Dəniz daşımalarında da dizel yanacağı işlədilir.
Kənd təsərrüfatında, kənd təsərrüfatı məhsullarının daşınmasında “Aİ-92” markalı benzin istifadə olunmadığına görə bu sahədə qiymət dəyişikliyi baş verməyəcək.
Üstəlik, əvvəlki tarix tənzimləmələri zamanı dövlətin sosial siyasətinin mahiyyətinə uyğun olaraq bu dəfə də istənilən məhsullarda hər hansı qiymət artımına yol verənlərə və vəziyyətdən sui-istifadə edənlərə qarşı müvafiq cəza tədbirlərinin görüləcəyini şübhəsizdir.
Tarif Şurasının qərarını Teleqraf.com-a şərh edən iqtisadçı ekspert, sabiq maliyyə naziri Fikrət Yusifov qərarın gözlənildiyi kimi cəmiyyətdə birmənalı qəbul edilmədiyini bildirib.
O qeyd edib ki, Tarif Şurasının qərarı bir qayda olaraq heç bir əsaslandırma olmadan sosial şəbəkələrdə və saytlarda tənqid atəşinə tutulur: “Bütün hallarda ortaya bir sual çıxır. Məgər hökumət və ya dövlət müəssisəsi olan SOCAR rəhbərliyi bu qərarın cəmiyyətdə müəyyən qıcıq doğuracağını bilmirdilərmi? Əlbəttə, bunun belə olacağı öncədən hər kəsə bəlli idi. Bəs belə olan təqdirdə nə üçün qiymət artımına gedildi? Məsələnin başqa həlli yolları yox idimi? Bax bütün cavabları da burada axtarmaq və məsələyə peşəkar, köklü yanaşmaq lazımdır”.
F.Yusifov qeyd edib ki, qiymət artımı gözlənilən idi: “Ən azından ona görə ki, bir litr “Aİ 92” markalı benzinin ABŞ dolları ifadəsində qiyməti bizdə 41 sent olduğu halda, qonşu Rusiyada bu qiymət (bugünkü kursla) 65 sent, yəni bizdə olan qiymətdən 24 sent və ya 37% baha idi. Qonşu dövlətlə müqayisədə bu qədər qiymət fərqinin olması nə deməkdir?
Bu, ən azı həmin benzinin müxtəlif yollarla Rusiya bazarına daşınması üçün münbit şəraitin mövcudluğu deməkdir. Digər bir məsələ isə hər iki ölkədə istehsal olunan neftin maya dəyərinin praktik olaraq eyni səviyyədə olduğu halda “Aİ 92” markalı benzinin qiymətlərinin fərqli olması ilə bağlıdır. Nə üçün həmin benzin bizdə qonşu dövlətdəki eyni yanacağın qiymətindən 37% ucuz satılmalıdır? SOCAR bu məhsulu istehsal edərkən onun satışından zəruri mənfəəti qazana bilməyəcəksə, sahənin problemlərini necə həll etməli və neft hasilatını artırmaq üçün lazım olan vəsaiti necə əldə etməlidir? Yəni bu qiymət artımının təkcə görünən tərəflərini işıqlandırmaqla məsələyə obyektiv yanaşıma mümkün deyil”.
Müsahibimiz bildirib ki, “Aİ 92” markalı benzinin qiyməti artırıldıqdan sonra başqa yanacaq növlərinin də qiymətlərinin artacağına dair fikirlər real deyil. O qeyd edib ki, əgər başqa yanacaq növlərinin də qiymətlərini qaldırmaq lazım idisə, Tarif Şurası bunu elə dünənki qərarı ilə də edə bilərdi: “Bu markadan olan benzinin qiymət artımının başqa məhsulların da qiymətlərinə, yük və sərnişin daşımalarının tariflərinə ciddi təsir edəcəyinə gəlincə isə burada çox emosional olmaq və təşviş yaratmaq lazım deyil. Məsələn, sərnişin nəqliyyatının demək olar ki, hamısı (bəzi markadan olan taksilər istisna edilməklə) dizel yanacağı ilə işləyirlər.
Dizel yanacağının qiymətlərində bir dəyişiklik baş verməyibsə, onda ictimai nəqliyyatda sərnişin daşımasının tarifləri nə üçün artmalıdır? Yaxud, təyyarələrin işlətdiyi reaktiv yanacağın qiyməti dəyişməyibsə bu nəqliyyat növündə daşımaların tarifləri necə arta bilər? Ona görə, bir daha qeyd etmək istəyirəm ki, məsələyə obyektiv prizmadan yanaşmaq lazımdır. Hətta yerlərdə istehsal olunan kənd təsərrüfatı məhsullarının satış üçün Bakıya və başqa yaşayış məntəqələrinə daşınması “Aİ-92” markalı benzindən istifadə etməklə həyata keçirilsə belə, burada da istehsalçılar qiymətlərin artımına yol verməmək üçün alternativ daşınma vasitələrinə üstünlük verəcəklər”.
Sabiq nazir “Aİ-92” markalı benzinin qiymətinin artımı və bu səbəbdən insanların alıcılıq qabiliyyətinin aşağı düşəcəyi ilə bağlı müxtəlif fikirlərin səsləndirildiyini vurğulayıb: “Burada da qonşu Rusiya və başqa ölkələrdə olan orta aylıq əmək haqqı və buna uyğun başqa göstəricilərlə müqayisə aparıb, məsələyə münasibət bildirənlər az deyil. Bu müqayisələr isə bir qayda olaraq həmin göstəriciləri ABŞ dolları ilə hesablamaqla aparılır. Məsələn, yazılır ki, Azərbaycanda bu gün Rusiya və başqa qonşu ölkələrlə müqayisədə orta aylıq əmək haqqı aşağıdır. Dollar ifadəsində nominal olaraq bunun həqiqətən də belə olduğu aşkar bir məsələdir. Lakin bu məsələnin yalnız görünən tərəfidir. Onun görünməyən tərəfləri isə daha maraqlıdır. Dollar ifadəsində olan bu müqayisələri bir kənara qoyub, məsələyə milli valyutaların prizmasından yanaşmağa cəhd edək.
Əvvəla onu deyək ki, milli valyutamızın 2015-ci ildəki iki kəskin devalvasiyasına qədər dollar ifadəsində orta aylıq əmək haqqı və ona bənzər digər göstəricilər bizdə qonşu dövlətlərdə olduğundan çox yüksək idi. Ancaq həmin göstəricilərin xarici valyutada ifadə edilməsi əslində heç nəyi dəyişmir. Çünki hər bir ölkədə insanlar əmək haqlarını və başqa gəlirlərini milli valyutalarda əldə edib elə milli valyuta ilə də istehlak səbətinə lazım olan malları və məhsulları alıb yığırlar. Bu səbəbdən də hansısa ölkələrdə ABŞ dolları ilə orta əmək haqqının yüksək olması əsas göstərici sayıla bilməz. Əsas göstərici həmin ölkələrdə milli valyuta ilə kimin istehlak səbətinə nə qədər mal və məhsul alması olmalıdır. Hesab edirəm ki, biz bu sahədə heç kimdən geri qalmırıq”.
Onu da bildirək ki, “Aİ-92” markalı benzinin qiymətinin tənzimlənməsi yalnız fərdi avtomobilə malik olan şəxslərə təsir edəcək. Bu da həmin şəxslərin daha qənaətcil olmasını, nəqliyyat sıxlığının qismən aradan qalxmasını şərtləndirəcək.
Ümumilikdə isə, digər ölkələrdə bu markadan olan benzinin qiyməti Azərbaycandakı yeni qiymətlərlə müqayisədə də bahadır. Məsələn, “Aİ-92” Gürcüstanda 0,86 dollar, Rusiyada 0,61 dollar, Belarusda 0,59 dollar, Ukraynada 0,98 dollar, Avropa ölkələrində isə daha yüksəkdir.