22 İyul 2017 13:45
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli mətbuatımızın 142-ci ildönümü günündə jurnalistlər üçün inşa olunmuş binanın istifadəyə verilməsi baş redaktorlar tərəfindən razılıqla qarşılanıb.

Teleqraf.com onlardan bir neçəsinə müraciət edərək dövlət başçısının bu addımı ilə bağlı fikirlərini öyrənib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, bu günlərdə Azərbaycan milli mətbuatının tarixində mühüm hadisə baş verdi – 255 həmkarımız Azərbaycan mətbuatının böyük hamisi və böyük dostu Prezident İlham Əliyev sərəncamına əsasən inşa edilmiş binada ev almaq xoşbəxtliyinə nail oldu. Onun sözlərinə görə, bu hadisə Azərbaycan mediasının inkişafı üçün yeni keyfiyyət dəyişikliyi yaradır, eyni zamanda media mənsublarımızın mənzil-məişət problemlərinin həlli istiqamətində atılan növbəti böyük addımdır: “Heç şübhəsiz ki, ən layiqli namizədlərin müəyyənləşdirilməsi üçün obyektiv meyarlar təyin edilmişdi və tələblərə uyğun gələn siyahı tərtib olunmuşdu. Nəticədə xeyli sayda həmkarlarımız rahat, işıqlı mənzillərə qovuşdular”.

H.Babaoğlu qeyd edib ki, əlbəttə, hər bir jurnalistin ev alması çox yaxşı olar və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən media siyasəti, jurnalistlər üçün yaşayış binalarının tikiməsi də bu məqsədə xidmət edir: “Düşünürük ki, bu siyasət önümüzdəki illərdə də davam edəcək və hələ bir çox həmkarımızın mənzil şəraitinin yaxşılaşdırılmasına səbəb olacaq. Arzu edirik ki, həmkarlarımız bu reallığı düzgün qiymətləndirsinlər və növbəti illərdə mənzillə təmin olunmaq üçün hüquqi və obyektiv zəmin formalaşdırsınlar ki, onlar da dövlətimizin diqqət və qayğısından yararlana bilsinlər”.

“Səs” Media Qrupunun rəhbəri, KİVDF-nin Müşahidə Şurasının üzvü Bəhruz Quliyev isə Azərbaycan mətbuatının bu gün dünya mediası ilə rəqabət apara biləcək səviyyədə olduğunu bildirib. O əlavə edib ki, bunu şərtləndirən əsas amillərdən biri də dövlət və mətbuat arasında olan səmimi münasibətdir: “Bu günlərdə daha 255 jurnalistə cənab Prezident İlham Əliyev tərəfindən mənzillərin verilməsi və yeni binanın təməlinin qoyulması gələcəkdə milli mətbuatımızda hər bir peşəkar jurnalistin mənzillə təmin olacağına ümid yaradır”.

B.Quliyev jurnalistləri dövlətçilik və ümummilli məsələlərdə bir olmağa, Azərbaycanın daim güclənməsi uğrunda aparılan işlərdə yaxından iştirak etməyə çağırıb: “Dövlət başçısının apardığı siyasətin kökündə vətəndaşların hüquq və azadlıqları, onların sosial vəziyyətinin yaxşılaşması dayanır. Bu gün jurnalistlərin qayğı ilə əhatə olunması bunun ən parlaq nümunəsidir. Əminəm ki, jurnalistlər sosial şəbəkələrdə kimlərinsə marağına xidmət edən bəzi iftira, böhtan dolu qızışdırıcı, əsasız fikirlərin müzakirəsində iştirak etməyəcək və öz həmkarlarını səmimi təbrik edəcəklər”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, Prezident İlham Əliyevin Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələri nümayəndələrinə mənzillərin verilməsi ilə bağlı göstərişi ölkəmizin media və vətəndaş cəmiyyətinə olan dövlət qayğısının bariz nümunəsidir: “Bu gün Prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində Azərbaycanda “Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” əsasında mühüm layihələr icra edilir. Onlardan biri də məhz jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün atılan addımlardır. Əminliklə deyə bilərəm ki, Azərbaycan dünyada yeganə ölkədir ki, mətbuat nümayəndələrini mənzillə təmin etmək kimi təcrübəyə malikdir. Hesab edirəm ki, ölkə rəhbərliyi tərəfindən jurnalistikaya edilən bu diqqət və qayğı dünyanın digər ölkələrində sosial dövlət modeli olaraq tətbiq ediləcək”.

U.Rəhimoğlu qeyd edib ki, Milli Mətbuat Günü ərəfəsində cənab Prezidentin mətbuat nümayəndələri ilə bir araya gəlməsi, onlarla səmimi söhbəti, eləcə də dünyada və ölkəmizdə media sahəsindəki vəziyyətlə bağlı çox dərin bilgilərə əsaslanan önəmli açıqlamaları günümüzün ən aktual məsələrinə aydınlıq gətirmiş oldu: “Prezidentimiz tərəfindən növbəti yaşayış evinin tikintisi üçün müvafiq vəsaitin ayrılmasına dair tədbirlərin görülməsi üçün sərəncam imzalandı. Hesab edirəm ki, dövlətimizin jurnalistlərə bu diqqət və qayğısı bundan sonar da neçə-neçə media işçisinə, onların ailələrinə sevinc bəxş edəcək. Bir daha mənzillə təmin olunan həmkarlarımızı ürəkdən təbrik edirəm, ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli mənzil alan həmkarlarının sevincini başa düşdüyünü və bölüşdüyünü vurğulayıb: “Doğma hisslərdir. Bununla yanaşı bir məqamı vurğulamağı da özümə borc bilirəm. Bu dəfə mənzil ala bilməyən, lakin buna ehtiyacı olan, peşəkar, zəhmətkeş, fədakar həmkarlarımızı da unutmayaq. Onlar bizimlə eyni redaksiyada çalışırlar. Hər gün üz-üzə gəlirik. Günün əhəmiyyətli hissəsini birlikdə keçiririk. Qəzetin, televiziya proqramının ərsəyə gəlməsində təkcə jurnalistlər iştirak etmirlər. Hər bir qəzet səhifəsində, televiziya proqramında təkcə jurnalistlərin deyil, dizaynerlərin, korrektorların, menecerlərin, inzibatçıların, montajçıların, operatorların, qrim ustalarının, işıqçıların da əməyi var. Onlar olmasa heç bir iş ərsəyə gəlməz. Bu qədər eqoist olmaq olmaz”.

E.Mirzəbəyli əlavə edib ki, nədənsə hamının sevincimizə şərik olmasını gözləyirik: “Bəlkə biz onların kədərinə şərik olaq, təsəlli verək, uğur qazanmaları, ən azı bizim qədər xoşbəxt olmaları üçün fədakarlıq göstərək… Bu böyüklükdə işi urvatdan salmayın. Hər şey qədərində gözəldir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər