ABŞ Prezidenti Donald Trampın Şimali Koreyanın raket və nüvə proqramına qarşı 12 günlük Asiya turu davam etdiyi ərəfədə ABŞ hərbi dəniz donanması Koreya yarımadasında müharibəyə səbəb olacaq addım atmağa hazırlaşır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ hərbi dəniz donanmasına aid olan ən böyük 3 təyyarədaşıyan gəmi Sakit okeanın qərbində təlim hazırlığı həyata keçirir.
USS Nimitz, Ronald Reyqan və Teodor Rozvelt adlı hərbi gəmilərə dəstək məqsədilə döyüş gəmiləri də qoşulacaq.
Artıq Tokiodan Seula gələn Prezident Donald Tramp Şimali Koreyanı nəzərə alaraq bəyan edib ki, Koreya yarımadasında böyük güc nümayiş etdirdiyini düşünür:
“Dünyada ən böyük üç təyyarədaşıyan gəmisini Sakit okeanın qərbinə göndərdik. Üstəlik bir nüvə başlıqlı sualtı gəmimiz də bu istiqamətdə hərəkət edir. İnanıram ki, onlardan heç zaman istifadə etmək məcburiyyətində qalmarıq. Şimali Koreyanın masaya əyləşməsi və xalqı üçün gözəl bir anlaşma əldə etməsini istəyirik”.
CNN kanalına danışan Şimali Koreya rəsmisi isə ABŞ-ın getdikcə Koreyada müharibəyə səbəb olacaq addımlar atdığını deyib.
Şimali Koreya rəsmləri ABŞ-ın Koreya yarımadasına göndərdiyi təyyarə gəmiləri haqqında “Kimsə “savaş manyakı” Trampın savaşın başlanması üçün fitili nə zaman odlayacağını bilmir” ifadəsini işlədib.
Məlumat üçün qeyd edək ki, son 10 il ərzində ABŞ hərbi donanmasına məxsus ən böyük gəmilərin bu ərazidə təlimi olmayıb. İndisə planlaşdırılan təlimlərdə Yaponiyanın bir gəmisi də iştirak edəcək. Sonuncu dəfə ABŞ-ın təyyarədaşıyan gəmiləri 2007-ci ildə Sakit Okenda təlim həyata keçirib. Bu təlimlər Pxenyanın təhdid etdiyi Quam adasına yaxın ərazilərdə baş tutmuşdu.
“Röyter” agentliyinə danışan ABŞ rəsmiləri hərbi təlimlərin nə zaman keçiriləcəyi haqqında dəqiq tarix göstərməyiblər.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Vhunying ABŞ-ın ən böyük gəmilərinin Sakit Okenada hərbi təlimlərə başlamaq hazırlığında olması haqqında suala cavabında deyib ki, tərəflər səbirli davranmalı və bir-birini narahat edəcək addımlardan qaçmalı, Koreya yarımadasında mürəkkəb durumu aydınlaşdırmağa kömək etməlidir.
Çin rəsmisi eyni zamanda bildirib ki, Şimali Koreyanın nüvə proqrqamı ilə bağlı problem sülh yolu ilə qaydaya salmaq üçün bütün tərəflər cəhd göstərməlidir.
Cavad