Həbs olunan Donbas terrorçuları vətəndaşlığından asılı olmayaraq Ukrayna məhkəmələrində mühakimə olunacaq.
Məlumata görə, terrorçuluq maddəsi ilə ittiham olunan şəxsi, Ukrayna qanunlarına görə, 10 ildən 15 ilədək azadlıqdan məhrum edilmə cəzası gözləyir. Bu maddə Ukraynanın şərqində hazırda hakimiyyət qüvvələrinə qarşı döyüşən bütün separatçılara şamil olunur.
Hüquq müdafiəçisi Edurad Bağırov deyir ki, terrorizm bütün dövlətlərdə ən ağır maddə sayılır: “Terror təşkilatına qoşulmağın özü artıq cinayətdir. Üstəgəl soyğunçuluq, qarət, qətl – qondarma Luqansk Xalq Respublikası, yaxud Donetsk Xalq Respublikasına qoşulanların hamısına bu maddələr şamil olunacaq. Vətəndaşlığın isə fərqi yoxdur. Rusiya onların ekstradisiyasını tələb edə bilməyəcək. Məgər Rusiya həbs etdiyi əfqan terrorçusunu Əfqanıstana qaytarar?”.
Hüquq müdafiəçisi deyir ki, terrorçular silahı yerə qoysalar, amnistiyaya düşə bilərlər, “əks halda, onların aqibəti pis olacaq”: “Bu yaxınlarda Mariopoldakı həbsxanalarda oldum. Kriminal avtoritetlərdən və məhbuslardan soruşdum ki, kameralarınıza gətirilən separatçılarla necə davranacaqsınız? Cavab verdilər ki, gecə 12-dən sonra separatçıların “təlim-tərbiyəsi” ilə “xüsusi” məşğul olacaqlar. Onların yeri “paraşa”nın (kameradakı tualet – red.) yanıdır. Qeyd edim ki, “paraşa” üzdəniraq məhbuslar üçündür. Separatçılara məsləhət görərdim ki, silahı yerə qoysunlar. Əks halda, onları həbsxanada “cəhənnəm” gözləyir”.
/publika.az/