“Erməni separatçılarının cəbhə bölgəsindəki təxribatı cavabsız qalmayacaq. Layiq olduqları cavabı alacaqlar”.
Məlumata görə, bu fikirləri millət vəkili Adil Əliyev facebook səhifəsində bildirib.
Deputat hesab edir ki, ermənilər Azərbaycanın son illər müxtəlif istiqamətlərdə əldə etdiyi uğurlara qısqandıqlarından təxribata əl atıblar.
“Axı Ermənistan inkişafa acdır, əhalisi günbəgün azalır, iqtisadiyyatı dağılır, Rusiyanın köməyi olmadan bir gün də tab gətirməzlər. Ona görə də yeganə “çarə” kimi bölgədə gərginliyi artırmaqda görürlər. Əvvəlcə soydaşlarımızı Kəlbəcərdə girov götürərək onlara işgəncə verdilər, indi də hərbçilərimizi hədəf aldılar. Ağdamı və bütövlükdə Azərbaycanı təmsil edən “Qarabağ” futbol komandasının qələbələri, Avropada tanınması da erməniləri hövsələdən çıxarmamış deyil. O biri tərəfdən ermənilərin uzun illər sadiq tərəfdarı Vladimir Jirinovskinin qəfil Azərbaycanı tərifləməsi, o cümlədən Rusiyalı rəsmilərin Azərbaycana artan səfərləri, iki ölkə arasında hərbi əməkdaşlığın genişlənməsi ermənilərin “Birdən Rusiya Ermənistanı Azərbaycana qurban verər və Dağlıq Qarabağ əldən gedər” kimi xofun içində olduğunu göstərir. Bu xofdan qurtulmağın yeganə yolunu isə təxribata əl atmaqda görürlər. Ermənilər savaş istəyirlərsə, alacaqlar həmin savaşı. Onlar bu təxribatları ilə əslində Qarabağ və ətraf rayonların azad olunması gününü yaxınlaşdırırlar. Çünki bizim savaşa onlardan çox ehtiyacımız var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaq!”.
AzVision.az