11 Yanvar 2018 15:28
1 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu qərar qeyri-obyektiv və ədalətsizdir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə ABŞ Dövlət Departamentinin amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistemi işə salması barədə danışarkən deyib.

Onun sözlərinə görə, məhz Azərbaycanda insanların təhlükəsizliyinin qorunması səviyyəsi bu gün Avropa və ABŞ-dan dəfələrlə yüksəkdir:

“Bu gün vətəndaşlar günün istənilən vaxtı şəhərə çıxa bilir, ölkə içində gəzə bilirlər. İnsanların mülkiyyəti, hüquqları qorunur. Azərbaycana gələn bütün türistlər sərbəst şəkildə, müşayiətsiz və dil bilmədən respublikada hərəkət edə bilirlər. Turistlərin viza alması elektronlaşıb və problemsizdir. İldən-ilə ölkəyə gələn turistlərin həm sayında, həm də coğrafiyasında artım hiss olunur. Mənə elə gəlir ki, ya onlar Azərbaycanı hansısa ölkə ilə dəyişik salıb, ya da ABŞ-ın müəyyən dairələrinin məqsədi ölkəmizin turist cəlediciliyini zəiflətməkdən ibarətdir. Turizm hər bir ölkənin iqtisadiyyatının inkişafında lokomotiv rolunu oynayır. Turizmlə bağlı sektorlarda keyfiyyətin və həcmin artırılmasına təsir edir. Görünür, kimlərsə ölkəmizdə turizmin inkişafından narahatdır. Bundan əlavə, onların nə yazmağından asılı olmayaraq, ölkəmizə turist axını günü-gündən çoxalacaq və Azərbaycan bundan sonra da təhlükəsizliyin və cəlediciliyin artması üçün öz üzərinə düşən vəzifəni yerinə yetirəcək”.

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov da Amerikanın ölkəmizi "təhlükəlilər siyahısı"na salmaqla bağlı qərarını pis qarşılayıb:

“Azərbaycan tolerant, qonaqpərvər və sabit bir ölkə olduğunu sübut edib. Əksinə, Amerika qorxuludur. Orada baş verən hadisələri izləyirik, görürük. Həm də o qədər qorxulu ölkələr var ki. Azərbaycan gözümüzün qabağındadır. Bakı gündən-günə inkişaf edir və sabitlikdir. Bunu danmaq olmaz. Həmin qərarı ciddi qəbul etmək lazım deyil. İnsanlar ölkəmizdə rahat, təhlükəsiz yaşayırlar. Amerika bu cür qərar verməzdən öncə qonaqların təəssüratlarını nəzərə almalı idi”.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə bildirib ki, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və pisləyir:

"Son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü, Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, "Formula-1" yarışları, mədəniyyətlər və dinlərarası dialoq forumları, digər yüksək səviyyəli siyasi, iqtisadi, idman və mədəniyyət xarakterli mötəbər tədbirlərə, o cümlədən ABŞ və Rusiya Baş Qərargah rəislərinin, NATO hərbi komitəsinin rəhbərinin və Rusiya Baş Qərargah rəisinin görüşləri kimi tədbirlərə ev sahibi etdiyi halda, ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür".

XİN rəsmisi vurğulayıb ki, Azərbaycanın sözügedən mötəbər tədbirlərə ev sahibliyi etməsi digər amillərlə bərabər, ölkədə mövcud olan sabitlik, təhlükəsizlik və ictimai asayişin yüksək səviyyədə təmin olunması ilə bağlıdır:

"Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş əraziləri istisna olmaqla, Azərbaycan hökuməti ölkədəki təhlükəsizlik və operativ vəziyyəti tam nəzarətdə saxlayır.

Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalır”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb. Azərbaycan təhlükəsizliyə təhdid baxımından ikinci kateqoriya ölkələr siyahısına daxil edilib. Bu sistemi yaratmaqda məqsəd ABŞ vətəndaşlarının ölkə xaricində müdafiəsini gücləndirməkdir.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər