Türkiyə Suriya ərazisində antiterror əməliyatına başlamazdan öncə Moskva-Ankara arasında davamlı hərbi-diplomatik təmaslar baş tutmuşdu. Bunun nəticəsi olaraq Afrin istiqamətində olan rus hərbçilər Tel Rifat istiqamətində geri çəkilmiş və Türk Silahlı Qüvvələri “Zeytun budağı” əməliyyatına start vermişdi.
Teleqraf.com xəbər verir ki, indi bölgədə daha bir diqqət çəkən hadisə baş verməkdədir.
Məlum olub ki, rus hərbiçiləri PKK/PYD işğalında olan Afrinin Bəşər Əsədin nəzarət etdiyi bölgənin çıxış qapısı olan Tel Rifatı da boşaldıb. Əsədin nəzarətində olan Nubl-Zehraya çəkilən rus əsgərləri bölgədən tamamilə çıxıb.
Bununla paralel olaraq İdlibin şimalında olan türk əsgərləri Hələbin 25 kilometrliyinə qədər yaxınlaşıblar. Hələb yaxınlığındakı El İys kəndində mövqe tutan türk əsgərləri PKK terrorçularını cənubdan bir qədər də sıxışdıra bilib.
Görünən odur ki, Türk Silahlı Qüvvələri Afrin istiqamətində irəlilədikcə rus hərbçiləri ərazini tərk etməyə başlayır. Bu proses davamlı olarsa, türk hərbçiləri Afrində terrorun kökünü məhv edərək bir qədər də irəliləyərsə, bu zaman Bəşər Əsədin silahlı qüvvələri ilə üz-üzə gələcək. Böyük ehtimalla türk ordusu yaxın 1-2 gündə sürətli hərəkət etmək xəttini seçəcək. Çünki son anda PKK/PYD məcburən iki variantdan birini seçməli olacaq. Ya Türkiyə ilə danışıqlara gedərək Afrini boşaldıb Fəratın şərq hissəsinə çəkilmək xətti seçiləcək, ya da Ankara və Dəməşq arasında pis olan münasibətləri daha da gərginləşdirmək üçün Afrini Bəşər Əsədə təslim edəcək.
Türklərin irəliləməsi ilə rusların geri çəkilməsi ilk növbədə Moskva-Ankara arasında məxfi razılaşmanın nəticəsi kimi də şərh oluna bilər. Ancaq burada digər narahatedici məqam YPG-nin Afrini Bəşər Əsədə təhvil vermə ehtimalları ilə bağlıdır. Ola bilsin ki, belə bir ehtimal və ya razılaşma olduğundan ruslar geri çəkilmək və beləcə türk əsgərləri ilə Əsəd əsgərləri arasında qalmaq istəmirlər.