Rusiyaya sanksiyaların tətbiq olunması barədə ABŞ Konqresinin 2017-ci ilin iyulunda qəbul etdiyi qanun var. ABŞ Prezidenti Donald Tramp həmin ilin avqustun 2-də bu qanunu imzalayıb. İndi isə Maliyyə Nazirliyi Konqresin qəbul etdiyi və Trampın imzalaması ilə qüvvəyə minən sanksiya qanunu əsasında “Kreml hesabatı” adlı sənəd hazırlayıb qanunverici orqana təqdim edib. Hesabat qanunun icra olunması məqsədinə xidmət edir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə “Kreml hesabatı” adlı sənədi şərh edərkən deyib.
O qeyd edib ki, hesabat ABŞ-ın müxtəlif dövlət qurumları, o cümlədən kəşfiyyat strukturlarının birgə əməkdaşlığı nəticəsində hazırlanıb:
“Bunlardan 114-ü Rusiya Federasiyasının yüksək vəzifəli məmurları, 96-ı isə dövlət şirkətlərinin rəhbərləri, o cümlədən oliqarxlardır. Hesabatda onların hamısı barədə məlumatlar ümumiləşdirilib və bir sənəddə Konqresə təqdim edilib. Bu hesabata adları daxil edilmiş şəxslərə qarşı cəza tədbirlərinin – sanksiyaların tətbiq edilib-edilməməsi ABŞ hakimiyyətindən asılıdır. İstəsələr edərlər, istəməsələr etməzlər. Amma əgər bu adları elan ediblərsə, bu o deməkdir ki, onların xaricdəki varidatını məhkəmə yolu, yaxud ABŞ hökumətinin qərarı ilə müsadirə edə bilərlər. Kimə şikayət edəcəklər?! Hamı bilir ki, onların pulları haram pullardır”.
Z.Əlizadə əlavə edib ki, hesabatda adı keçən şəxslərin varidatının müsadirə edilib-edilməməsi Rusiya hakimiyyətinin davranışından asılı olacaq.
Qeyd edək ki, adı hesabata daxil edilənlərdən biri – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vaşinqtonun bu hesabatla rus biznes-elitası ilə V.Putinin münasibətlərini korlamaq məqsədi daşıdığını, hesabatın hazırlanmasının martda keçiriləcək prezident seçkisinə biznes-elitanın təsir göstərməsinə birbaşa və aşkar cəhd olduğunu vurğulayıb.
Z.Əlizadə D.Peskovun vəzifəsinin hakimiyyəti müdafiə etmək olduğunu qeyd edib:
“O öz vəzifəsini yerinə yetirir. Onun nə dərəcədə haqlı olub-olmaması başqa məsələdir. Amma Peskov o mənada haqlıdır ki, ABŞ-ı rus xalqının sərvətinin talan edilməsi narahat etmir. Edirlər etsinlər, nə qədər etsələr, bir o qədər yaxşıdır – Rusiya bir o qədər tez dağılar. ABŞ-ı narahat edən odur ki, Putin Vaşinqtonun əmrlərinə nə üçün sözsüz tabe olmur?! Bir az tərslik edir, inad göstərir, itaət etmir. Buna görə də bəzi varlıların adlarını hesabata daxil edib onları hədələyirlər. Hələ heç nə etməyiblər. Yəni, hələlik heç bir sanksiya qəbul olunmayıb. Sadəcə, hesabatı dərc ediblər. Deyirlər ki, biz sizə sanksiya tətbiq edə bilərik. Qanunsuz sərvət toplamış şəxslərin varidatının müsadirə edilməsi Qərbdə çox sadə, rutin əməliyyatdır”.
Z.Əlizadə sanksiya qanununda hesabatın hazırlanmasının son günü üçün yanvarın 29-nun təyin edildiyini vurğulayıb:
“Yanvarın 29-da onlar bu siyahını hazırlayıb təqdim ediblər. Siyahı Maliyyə Nazirliyi tərəfindən təqdim olunsa da, sənəd maliyyə qurumlarının, bankların və kəşfiyyat orqanlarının təqdim etdkiləri məlumat əsasında Ədliyyə Nazirliyi və Baş Prokurorluğun birgə iştirakı ilə hazırlanıb. İndi bu siyahı əsasında kimlərəsə cəza tədbirləri tətbiq edilə bilər, kimlərə qarşı isə edilməz. Bu, icra prosedurlarıdır”.