8 Fevral 2018 09:34
2 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məncə, Mövlud Çavuşoğlunun bu səfəri yerinə düşən səfərdir.

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun İrana səfərini Teleqraf.com-a şərh edən politoloq Qabil Hüseynli belə deyib.

O əlavə edib ki, “Zeytun budağı” əməliyyatı başlanandan sonra İran tərəfi çox böyük riyakarlığa yol verir:

“İran rəsmiləri Türkiyə ilə strateji əməkdaşlıqlarının olmasına rəğmən, Ankaranın bölgədəki hərəkətlərini açıq və xoşagəlməz formada tənqid edirlər. İran tərəfi bu zaman unudur ki, onun qoşunları çoxdan İraqda və Suriyadadır. Nə olsun ki, əli öz xalqının qanına batmış Bəşər Əsəd onların ölkəyə daxil olmasına izn verib. Bu günlərdə ABŞ belə bir məlumat açıqladı ki, “Hizbullah” və HƏMAS da daxil olmaqla Suriya ərazisindəki İran hərbçilərinin sayı 67 min nəfərə çatır. Bəzi mənbələr daha yüksək rəqəm söyləyir. Yaxşı, sən Aralıq dənizinə çıxmaq və bölgədə hegemonluğunu təmin etmək üçün hər cür əməllərə əl atacaqsan, regionda öz vətəndaşlarının qanını tökən diktatorlarla əməkdaşlıq edəcəksən, Türkiyə isə öz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün 30 ildir mübarizə apardığı terrorçu təşkilata qarşı əməliyyat təşkil edə bilməz? Nədi-nədi, Ruhani və başqaları bunu tənqid edəcək?!”.

Q.Hüseynli qeyd edib ki, ikili standartlar İranın timsalında özünü həmişə bariz göstərib, bu məsələdə də göstərir:

“Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə, Türkiyənin öz təhlükəsizliyinin təminatı ilə bağlı keçirdiyi əməliyyatlara ikili standartlara yanaşma siyasi riyakarlıqdan və dövlətlərin həddən artıq ideologiyalaşdırılmış siyasət həyata keçirmələrindən xəbər verir. Belə çıxır ki, dünənədək Rusiya-Türkiyə-İran üçbucağının formalaşmasından dəm vuran İran siyasi rəhbərliyi bu ideyaya heç də sadiq deyilmiş və bu üçlükdə yalnız özlərinin geostrateji maraqlarını güdən mövqeni müdafiə edirmiş. Zənnimcə, İranın bu mövqeyi özünüifşadan başqa bir şey deyil və Çavuşoğlunun səfəri ilə məsələlər yenidən əvvəlki məcrasına qayıdacaq”.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İrana səfər edib. Səfər çərçivəsində M.Çavuşoğlu iranlı həmkarı Məhəmmədcavad Zərif və İran Prezidenti Həsən Ruhani ilə görüşüb. Görüşlər zamanı bölgədəki son vəziyyət və ikitərəfli münasibətlər müzakirə edilib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər