22 Fevral 2018 12:44
1 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:10

Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan” qəzetinin nəşr etdiyi “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımı cinayətlərinin dünyada tanıdılması üçün mühüm mənbə olan kitab həmin faciəyə şahidlik etmiş 47 xocalılının acı xatirələrindən ibarət materiallar toplusudur.

Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov, redaktoru Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, tarix üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyev, tərtibçisi isə "Azərbaycan" qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir.

Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub.

Tədbiri giriş sözü ilə açan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir:

“Bu hadisə ilə bağlı kifayət qədər sənədlər olsa da, təəssüf ki, dünya ictimaiyyəti ona lazımı qiymət verməyib. Xocalı şahidləri 26 ildir ki, bu ağır yükü çiyinlərində daşıyırlar. Bu kitaba son iki il ərzində “Azərbaycan” qəzetində şahidlərin dərc olunmuş məqalələri toplanıb”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov bildirib ki, Böyük Ermənistan xülyası ilə ermənilər Azərbaycana qarşı 4 dəfə iddia irəli sürüblər, təəssüf ki, bəzi hallarda bu istəklərinə müəyyən qədər nail olublar:

“Böyük İmperiyanın səyi və düşünülmüş siyasət nəticəsində ermənilər Azərbaycan torpaqlarına yerləşdirilib. Böyük Ermənistan ideyalarını həyata keçirmək üçün bir əsrdə dəfələr terror hadisələrinə əl atıblar. Ermənilərin ən dəhşətli soyqrımı Xocalıda yaşandı. Ermənistan Xocalıdakı qırğının təsadüf olduğunu deyir, lakin faktlar və hadisələr prosesin məqsədli olduğunu sübut edir. Onların əsas məqsədi Xocalını yer üzündən silmək olub.

Böyük yaradan həmin gecə yaşananların başqalarına çatdırılması üçün oradan şahidlərin sağ çıxmasına imkan yaradıb”.

Gəray Fərhadov Azərbaycan dövlətinin Xocalı şahidləri və şəhidlərinə hər zaman həssas yanaşdığını bildirib.

Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, insan cildində insanlıq əleyhinə törədilən bu faciə haqqında danışmaq çox çətindir.

“Həmin cinayətkarlar törətdikləri faciədən fəxrlə danışır, lakin zaman gələcək onlar məhkum kimi cavab verəcəklər. Bu kitabın ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Şahidlərlə müsahibələrdə iştirak edənlərin nə qədər çətinlik çəkdiyini anlayıram. Bu kitabı oxuyanlar hadisənin heç zaman unudulmamalı olduğunu bir daha dərk edəcək. Hesab edirəm ki,bu kitabların yazılması son dərəcə vacibdir. Bu faktlar gələcəkdə ittiham aktının materialları ola bilər.

Şəhidlərimiz haqq dünyasındadır, şahidlərin dilindən bu fikirləri bir kitabda toplamaqla onları tarixin faktına çeviririk. Çünki bu faktları heç kim dəyişə bilməz. Hesab edirəm ki, bu, tarixi məhkəmənin qurulması üçün önəmli faktlar toplusudur. Xocalı faciəsi məqsədli şəkildə baş verdiyi üçün onu heç zaman unuda bilmərik. Bu istiqamətdə ölkə prezidenti, müxtəlif təşkilatlar, Azərbaycan parlamenti, ictimaiyyətimiz vacib işlər həyata keçirir. Bu gün bir sıra təşkilatlarda Xocalı faciəsi ilə bağlı sənədlər qəbul edilib. Bu sənədlər faciəni törədənlərin cəzalarını almaq üçün imkanlarımızı genişləndirir”.

Daha sonra çıxış edən millət vəkili Rəfael Hüseynov Xocalı ilə bağlı ilk sənədin 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasında qəbul edildiyini deyib. Onun sözlərinə görə, bu sənədin qəbul edilməsində təşəbbüskar Azərbaycan Prezidenti İlham Əliyev olub:

“Sənədin qəbul heç də asan başa gəlmədi. Bir vaxtlar ümumiyyətlə, bu faciənin törədildiyini dünya ictimaiyyəti qəbul etmək istəmirdir. Bu gün Xocalı soyqrımını ABŞ-ın bir sıra ştatları, dünya ölkələri qəbul edirsə, artıq onun dünya ictimaiyyətində qəbul olunduğunu söyləyə bilərik. Lakin hələ faciəni tərədənlər lazımı cəzalarını almayıblar. İnanıram ki, həmin şəxslər tarix qarşısında cavab verəcəklər”.

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov həm faciənin iştirakçısı, həm də məcburi köçkün kimi kitabın hazırlanmasının xocalılar üçün çox dəyərli olduğunu deyib:

“Bu kitabda danışan şahidlərin bir çoxunu faicədən əvvəl də tanıyıram. Bu gün onların üzünə baxanda faciəni hələ də yaşadıqlarını görmək olur. Qarşıdan Novruz bayramı gəlir, insanlar bu günlərdə doğmalarının qəbirlərini ziyarət etmək istəyir. Lakin xocalılar 26 ildir bu arzudan məhrumdurlar. Beynəlxalq təşkilatların bu faciəyə dəyər verərək xocalıların illərdir çəkdiyi mənəvi əzabları nəzərə almaların istərdik. Bu kitabı hazırlayan hər kəsə minnətdarlıq edirik”.

“Xocalı şahidləri danışır” kitabı Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı məqaləsi ilə başlayır.

Məqalədə XX əsr ərzində ermənilərin azərbaycanlılara qarşı keçirdikləri etnik təmizləmə və soyqırımı cinayətlərindən, ölkəmizə qarşı ərazi iddialarından bəhs olunur. Qeyd edilir ki, Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi cinayətlər qədər dəhşətli soyqırımıdır.

Məqalədə professor Əli Həsənov yazır ki, hazırda Xocalı soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycan Prezidenti İlham Əliyevin başlatdığı hücumçu diplomatiyanın, Heydər Əliyev Fondunun fəaliyyətinin və "Xocalıya ədalət" kampaniyasının həyata keçirilməsinin nəticəsində artıq beynəlxalq miqyasda Xocalı soyqırımının tanıdılması və ayrı-ayrı dövlətlər tərəfindən bu cinayətə siyasi qiymətin verilməsi istiqamətində mühüm nəticələr əldə olunmaqdadır.

***

Millət vəkili Rəfael Cəbrayılov bildirib ki, Xocalı Soyqırımının son bir əsrdə azərbaycanlılara qarşı törədilmiş ən dəhşətli soyqırımların bir həmləsidir:

“Ermənilər bu faciəni törədərkən ata-babalarını belə heyrətə gətirəcək üsullardan istifadə etdilər. Kitabda bu məqamın önə çəkilməsini yüksək dəyərləndirirəm.Bu kitabda şahidlərin dilindən yazılmış hər bir məqalə soyqırımı sözünün tərifi ilə bağlı beynəlxalq konvensiyalara uyğun gəlir”.

***

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, Xocalı bizim qanı axan, sağalmayan yaramızdır:

“Xocalı milli fəlakət, bizi geri çağıran, qisasa haraylayan faciədir. Xocalıda şəhid verməyən ailə yoxdur. 180 səfihəlik bu kitabda şahidlərin dilindən müsahibələr dərc olunub. Lakin bu müsahibələri bir dəfəyə oxumaq mümkün deyil.

Bu kitab Leyla Əliyevanın "Xocalıya ədalə"t aksiyasının bir parçası, yeni faktların bir araya gətirilməsi üçün dəyərli mənbədir. Xocalıda bizim müstəqillik arzumuza verilən cəzadır. Bu faciənin törədilməsinin məqsədi xalqın gözünün qorxudulması idi”.


Müəllif: Gülxar

Oxşar xəbərlər