Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir:
"Əziz qadınlar! Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm! Yüzillər boyu millətimizin adını uca tutan Azərbaycan qadını ən çətin anlarda bizimlə birgə addımlayaraq, amansız müharibələrin, qarşıdurmaların çətin sınaqlarından ləyaqətlə çıxmış, tariximizin sədaqət rəmzinə çevrilmişdir. Azərbaycan tarixi qadınlarımızın qəhrəmanlıq nümunələriylə zəngindir. Bu gün Qarabağ müharibəsinin fəsadlarının, sosial-iqtisadi problemlərin ən ağır yükü Sizlərin üzərinə düşür. Siz bütün bu çətinliklərə ləyaqətlə sinə gərir, millətimizin və dövlətimizin sabahına inamla baxırsınız.
Əziz qadınlar,
Azərbaycanda Qadın-Ana sözü hər zaman müqəddəs sayılıb. Bu sözün gerçək mahiyyətinin qorunması üçün cəmiyyətimizi irəliyə doğru aparmalı, islahatlara, mütərəqqi ideyalara və yeniliklərə dəstək verməliyik. Azərbaycanın gələcəyi qadınlarımızın intellektual və mədəni səviyyəsindən, övladlarına verdikləri tərbiyədən, ictimai həyatın bütün sahələrində fəal mövqe nümayiş etdirmələrindən asılıdır. Bizə bu yolda, şəxsi həyatınızda, karyeranızda uğurlar diləyir, möhkəm camsağlığı, ailə səadəti arzulayıram”.