Vaşinqtonda yaşayan azərbaycanlılar son günlər cəbhə xəttində baş verən hadislərlə bağlı Ermənistana etiraz olaraq Ağ Ev qarşısında aksiya keçirib.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, etiraz aksiyasına ABŞ-da yaşayan türklər də dəstək verib.
40-a yaxın insan şüar və bayraqlarla Ağ Evin qarşısına toplaşıb. Obamaya səslənən türklər və azərbaycanlılar, “Qarabağ bizimdir, bizim olacaq”, “Ya Qarabağ, ya ölüm” kimi şüarlar səsləndiriblər. Aksiya iştirakçıları Türkiyə, Azərbaycan və ABŞ bayraqları ilə yanaşı, Ermənistan prezidenti Serj Sərkisyanın əleyhinə yazılan şüarları da göstəriblər.
Vaşinqtonda yaşayan müstəqil jurnalist Zaur Bayramlı son günlər Ermənistanın Azərbaycana yönəlik hərbi hücumlarına qarşı bir araya gəldiklərini söylədi. Bu hücumlar nəticəsində 14 əsgərin şəhid olduğunu deyən Z.Bayramlı söyləyib ki, bu gün Soçidə Rusyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir: “Məqsədimiz bu görüş öncəsi haqlı etirazımızı bildirməkdir. Burada bizə qatılan türk qardaşlarımıza təşəkkür edirik ki, belə bir gündə bizi tək buraxmadılar”.
Ağ Ev qarşısında olan etiraz aksiyası 2 saata qədər davam edib.
BƏXTİYAR