Teleqraf.com-un suallarını “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev cavablandırıb:
- Əliməmməd bəy, prezident seçkisi arxada qaldı, əvvəlcə istərdim seçkiöncəsi yaranan situasiyanı şərh edəsiniz. Əvvəlki dövrlərdə daxildən və xaricdən müxtəlif kampaniyalar aparılsa da, bu dəfə tamam fərqli vəziyyət yaranmışdı, virtual məkanda başlanan kampaniya gözlənilən idi?
- Ötən seçkilərin təcrübəsinə baxsaq görərik ki, qara piar daha çox ölkə daxilində rəqiblər və tərəfdarları arasında baş verirdi. İndisə xaricdən, virtual aləmdə, sosial şəbəkələr vasitəsilə və xarakteri dəyişkən şəkildə oldu. Birbaşa dəyərlərə, ölkənin müstəqilliyi və suverenliyinə qarşı təhdid, açıq-aşkar cinayətə, qətl və terrora çağırışları gördük. Miqyas etibarilə görünməmiş bir şey idi. Son illərdə tez-tez işlədilən hibrid müharibəsinə bənzəyirdi. Sosial şəbəkələrdə “virtual əsgərlər” meydana çıxmışdı. Hesab etmirəm ki, bu, həmin çıxışları edən şəxslərin qafasının məhsulu idi. Əlbəttə, müəyyən planlaşdırma hiss olunurdu. Ölkədə növbədənkənar seçkilər elan olundu, seçkilərə həm daxildə, həm də xaricdə bir çox qüvvələr hazırlaşırdı. Bilirsiniz ki, bir qayda olaraq prezident seçkiləri noyabrda keçirilir. Referendum vasitəsilə Konstitusiyaya edilən son dəyişikliklər növbədənkənar seçkilərin keçirilməsi imkanını yaratmışdı. Beləliklə, seçkinin vaxtı elan olundu və həmin qruplar qəflətdə yaxalandılar. Görünür, hökumətin bir çox qurumlarında, o cümlədən, cənab prezidentdə məlumatlar vardı ki, xaricdən hansısa müdaxilələr ola bilər. Sinxronluq pozuldu, daxili və xarici qüvvələrin seçkiyə müdaxiləsinin təmin olunması ilə bağlı aralarında koordinasiya yaranmasına imkan verilmədi, məkrli planların qarşısı alındı. Onlar başqa üsula əl atdılar, daha həssas nöqtələrə, ölkəni saxlayan ailə dəyərlərinə hücum başladı. Bu, olmayan bir şey idi. Ayrı-ayrı vaxtlarda müəyyən fraqmentlər olmuşdu, amma bu qədər sistemli xarakter daşımamışdı. Bu, qətiyyən ifadə azadlığı deyildi. Bütövlükdə cəmiyyətin dəyərlərinə toxunan şeylərin qanunla tənzimlənməsinə ehtiyac var. Çünki terrora çağırışlar, ölkənin müstəqilliyinə, atributlarına qarşı təhdidlərin bu cür eybəcər formada ifadə edilməsi, şübhəsiz, cinayət məsuliyyəti nəzərdə tutan əməllərə gətirib çıxarır. Bu, virtual və sistemli xarakter daşıyan terrorizm idi. Cəmiyyəti elə qarşıdurma həddinə gətirib çıxarmağa çalışırdılar ki, bu, sabitliyin pozulmasına yönəlsin. Əslində planlar bundan ibarət idi.
- Bəs qarşısının alınması üçün əks-həmləni yetərli saymaq olar?
- Bəli, cəmiyyətin bütün təbəqələri bunun qarşısını birmənalı aldı. Dövlət orqanları, vətəndaş cəmiyyəti, media lazımi mövqe sərgilədi. Onların baxışlarına, çıxışlarına və niyyətlərinə total şəkildə etiraz olundu. Bu, hər birimizə ziyan vuran hal idi. Cəmiyyət heç vaxt istəməz ki, Azərbaycan Suriyalaşsın, Yaxın Şərqə çevrilsin. Normal qafaya malik şəxslər, ölkəmizin inkişafını istəyən insanlar bu “çağırışlar”a pozitiv reaksiya verə bilməzdi. Yəqin onların arxasında duran qüvvələr də bunun perspektivsiz olduğunu başa düşdülər və bu proses yavaşıyıb. Çoxlu sayda azərbaycanlılar müxtəlif Avropa ölkələrində yaşayırlar. Sayı on minlərlə olan insanlar bu aksiyanı dəstəkləmədi. Ölkədən getmiş “virtual əsgərlər”in izolyasiyası baş verdi. Hakimiyyətin müəyyən qurumları və bəzi təsisatlar bu prosesdə yetərli qədər, onlardan gözlənən fəaliyyəti həyata keçirməkdə lənglik nümayiş etdirdilər. Bu da nəzərə alınmalıdır, gələcək üçün həm də dərslərdir. Belə hallara qarşı müvafiq üsul və vasitələrin tapılması və daha səmərəli istifadəsini öyrənmək lazımdır. Ölkəni mühafizə edən sistemə qarşı nöqtəvi hücumlar baş verirsə, onların zədələnməsinə və köməksiz vəziyyətdə qalmasına çalışılırsa, o zaman heç şübhəsiz dövlət qurumları fəaliyyətlərini tam koordinasiya etməli, təkmil və davamedici müqavimət, əks-həmlə hazırlamalıdır. Xüsusilə informasiya təhlükəsizliyinin təminati əhəmiyyətlidir. Sosial şəbəkə vasitəsilə istənilən ölkəyə bu cür müdaxilə etmək mümkündür. Hətta böyük ölkələr belə bundan sığorta olunmayıblar. Xüsusilə bizim kimi həssas regionda yerləşən, geniş maraqların təmin olunması üçün çətir rolu oynayan ölkələrə qarşı belə təhdidlər ola bilər. Buna həm cəmiyyət, dövlət, özəl sektor, həm də vətəndaş cəmiyyəti, media ən müxtəlif üsul və vasitələrlə hazır olmalıdır. Bir sözlə, seçki qabağı fərqli situasiyanın şahidi olduq, daha çox xaricdən bir müdaxilə idi.
- Bundan öncəki prezident seçkilərində “Milyarderlər ittifaqı” adı altında Rusiyanın Azərbaycandakı seçkilərə müdaxiləsinə dair fikirlər səslənirdi, bəs bu dəfə bu qrupların arxasında hansı güclər, konkret hansı ölkələr dayanmışdı?
- Deməzdim ki, onlar hansı ölkədən hücum edirlərsə, məhz həmin ölkələr onların arxasında durur. Digər ölkələrdən yönəldilən yanaşmalar ola bilər. Heç şübhəsiz burada erməni lobbisinin rolu da var. Üçüncü şəxslər vasitəsilə bu hərəkətlərin dəstəklənməsi və maliyyələşmə prosesi baş verə bilər. Həmin şəxslər bir çox hallarda bilmirlər ki, bunun arxasında erməni lobbisi durur, çünki üçüncü şəxslər vasitəsilə təlimatlanırlar. Bu sistemi başa düşürük və son illərdə daha çox istifadə olunur. Üçüncü və dördüncü şəxslər vasitəsilə əlaqə yaradılır, heç anlamırsan ki, mənbə haradadır, müxtəlif qondarma, yeni yaradılmış, yaxud kifayət qədər kök salmış, reputasiyası olan təşkilatlar vəsaitləri ötürürlər. Bir sıra qüvvələr də var ki, Azərbaycanda özləri üçün uyğun iqtisadi layihələrin həyata keçirilməsinə, ölkəmizin sərvətlərindən maksimum dərəcədə, daha aşağı səviyyədə, rəqabətsiz olaraq faydalanmağa, böyük gəlirlər əldə etməyə çalışırlar. Azərbaycan hər zaman bu cür maliyyə-iqtisadi qrupların qarşısını alıb. Onlar vasitəsilə də bu prosesə təkan verilə bilər. Cənub Qaz Dəhlizi - TANAP, TAP kimi layihələr Avropanın enerji təhlükəsizliyinə təminat verən layihədir. Avropa dövlətlərinin mütləq əksəriyyəti buna tərəfdardır. Seçki kampaniyası dövründə TAP-la bağlı məşvərət qrupunun Azərbaycanda keçirdiyi müzakirə bunun sübutudur. Amma orada müəyyən siyasi qüvvələr bu xəttin tutaq ki, İtaliya və digər ölkələrdən keçməsinin qarşısını almaq üçün kampaniyalara rəvac verdilər. Gəlin, baxaq görək TANAP, TAP-a qarşı hansı qüvvələr, maliyyə qrupları, iqtisadi transmilli şirkətlər rəqabət apara bilər. Eyni zamanda bir çox insan hüquqları adı altında mövcud olan təsisatlar var ki, hər zaman Azərbaycana qarşı imkan düşən kimi fəaliyyətə keçirlər. Onların gəlir mənbələrindən biri də qrantlardır, heç şübhəsiz Azərbaycanda öz iqtisadi maraqlarını təmin edə bilməyən maliyyə qruplarının vəsaitlərindən istifadə edərək belə kampaniyalar aparıla bilər. Burada həm dövlətlərin, həm də ayrı-ayrı transmilli şirkətlərin, eyni zamanda erməni lobbisinin qarşılıqlı əlaqələndirməsi olub. Bizim “virtual əsgərlər” də onların alətinə çevrilmişdilər.
- ABŞ-da seçkiyə müdaxilə ilə bağlı cinayət işi açılıb. Demokratiyanın beşiyi sayılan Birləşmiş Ştatlar virtual aləmdən gələn təhdidlərə qarşı sərt tədbirlər həyata keçirir. Azərbaycan da bu imkandan istifadə edə bilərmi? Yoxsa sosial şəbəkə istifadəçilərinə təzyiq adı ilə yeni kampaniya başlanılmasından çəkinilir?
- Böyük dövlətlər böyük gücə, eyni zamanda geniş data bazalara malikdirlər, məlumat sistemini aşkarlamaq və onları təşkil etmək formaları genişdir. Amma kiçik dövlətlərin məlumat bazalarına çıxış üçün böyük resursları yoxdur. Azərbaycana qarşı hər zaman insan hüquqları ilə bağlı bəzi beynəlxalq qurumlar tərəfindən yanlış təzyiqlər olur. Dərhal bu proseslərə sərt reaksiyalara başlanılsaydı, bu, əlavə müzakirələrə gətirib çıxarardı. İlk növbədə sübutları təqdim edib, bunun arxasında nələrin dayandığını tam göstərib ifşa etdikdən sonra digər tədbirlərə əl atılmalıdır. Mənə elə gəlir ki, bununla bağlı qərarları görəcəyik. Belə hallar izsiz getmir və bütövlükdə belə hərəkətlərə yol verən şəxslərin qarşısını almaq üçün genişmiqyaslı, kompleks tədbirlər həyata keçirilməlidir. Dövlətin simvollarına, ayrı-ayrı dövlət xadimləri, dəyərlərimizə qarşı çox ciddi təhdidlər, qətllərlə bağlı çağırışlar vardı, bu isə açıq-aşkar cinayət əməlləridir. Həm texniki, həm də hüquqi və siyasi, eləcə də əks-iqtisadi tədbirlərə də hazırlıqlı olmalıyıq. Virtual müharibə gedirsə, arxasında digər forma və üsullardan istifadəyə cəhdlər ola bilər.
- Seçkiqabağı namizədlərin debatlarını necə dəyərləndirirsiniz?
- Seçki prosesi özü bir sıra özəllikləri ilə fərqləndi. İlk dəfə idi ki, ölkə daxilində seçkiqabağı kampaniya dövründə nə KİV-də, nə də ayrı-ayrı şəxslər tərəfindən namizədlərin irəli sürülməsi və imzaların toplanması, müşahidəçilərin qeydə alınması ilə bağlı hər hansı şikayət eşitmədik. Seçkilərin texniki baxımdan təşkili yüksək səviyyədə idi. Debatlarda hər kəsə eyni vaxt ayrıldı və eyni yanaşma tətbiq edildi. Bəzən etik davranış qaydalarından kənara da çıxılırdı. Qeyri-real vədlər də görürdük. Bütün bunlar da təbiidir. Bu dəfə əvvəlki seçkilərdən fərqli olaraq bütün namizədlərə ödənişli vaxta da eyni yanaşma oldu. Təbliğat kampaniyası zamanı da bərabər şərait yaradılmışdı. Qanunvericiliyin tələblərinə görə, hakimiyyətin mənbəyi xalqdır. Xalq öz seçdiyi nümayəndələr vasitəsilə hakimiyyəti təşkil edir. Seçkinin aşkar favoriti cənab İlham Əliyev idi. Aparılan sorğular da göstərirdi ki, yüksək səs çoxluğu ilə yenidən prezident seçiləcəkdir. Bu il həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur, həm də cümhuriyyətin prezidentini seçirdik. Cümhuriyyətin 100 illiyinin prezidentinin kimliyi də çox maraqlı idi.
- Ölkədə seçkidən kənarda dayanan, boykot taktikası seçən siyasi partiyalar oldu.
- Hesab edirəm ki, boykotu təşkil edən qüvvələr özlərinə çox yanlış strategiya seçdilər. Əslində seçki cəmiyyətlə görüşmək, öz mövqelərini təqdim etmək üçün yeni bir imkan və fürsət idi. Hələ indiyədək tarixdə eşitməmişəm ki, boykot hakimiyyət uğrunda mübarizə aparan hansısa bir siyasi quruma fayda gətirsin. Boykotu seçən hər zaman, həm elektorat və nüfuz, həm də siyasi mübarizə təcrübəsi itirir. Seçkiyə daxil olanda məğlub olmağı da göz önünə almaq lazımdır. Bundan faciə yaratmaq lazım deyil. Rəqib çox güclü rəqib idi. Siyasətçi keçmişə və bu gün üçün deyil, gələcək üçün işləməlidir. Seçkilərin boykot edilməsi həm də siyasi iflasa aparan yoldur.
- Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvüsünüz, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini xatırlatdınız, mayda amnistiya olacağına dair media və sosial şəbəkələrdə məlumatlar yayılır. Böyük amnistiya aktı qəbul oluna bilərmi?
- Azərbaycanda hər zaman böyük hadisələr, görkəmli tarixlər ərəfəsində amnistiyanın və əfv sərəncamlarının verilməsi ilə bağlı fikirlər səslənir. Çünki bundan əvvəlki dövrə nəzər yetirsək, praktiki presedentlər var. Müşahidələrimə əsasən amnistiya aktını gözləmirəm. Ancaq əfv sərəncamı ola bilər. Mütəmadi olaraq Əfv Məsələləri Komissiyasının iclasları keçirilir, yüzlərlə müraciətlərə baxmışıq, müvafiq rəylərin hazırlanması ilə bağlı tövsiyə xarakterli qərarlar qəbul etmişik və cənab prezidentə təqdim olunacaq. Güman edirik ki, AXC-nin 100 illiyi ərəfəsində yeni əfv sərəncamını görəcəyik. Amnisitiya ilə bağlı məsələ az inandırıcıdır.
- Səbəb nədir?
- Ötən il Cinayət Məcəlləsinə çox böyük dəyişikliklər oldu. Bu, prezidentin 2017-ci il fevralın 10-da verdiyi sərəncamdan – cəzanın humanistləşdirilməsindən irəli gələn vəzifələrin icrası ilə bağlıdır. 12 istiqamət üzrə Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi tapşırıq olaraq verilmişdi, Yol Xəritəsi rolu oynayırdı. Demək olar ki, bu, Cinayət Məcəlləsinin üçdə birini əhatə edir, 300 tərkibdə dəyişiklik baş verdi. Nəticədə çoxsaylı məhkumlara, təqsirləndirilən şəxslərə münasibətdə ya cəzalarının azaldılması və ya ya cinayət məsuliyyətindən azad edilməsi prosesi baş verəcək. Artıq bu dəyişiklik ötən ilin dekabrın 1-dən qüvvədədir, müvafiq olaraq məhkəmə qərarları qəbul edilir, istintaq hərəkətləri edilir. Daxil olan məlumatlara görə, Cinayət Məcəlləsinə edilən dəyişikliklər 9 minə qədər şəxsə bu və ya dərəcədə şəxsə şamil olunacaq. Sərəncamın ilk ayında azadlıqdan məhrumetmə cəzasına məhkum edilən şəxslərin sayında 25, həbsqətimkan tədbirinin seçilməsində 30 faiz azalma baş verdi. Geniş miqyasda cəzanın humanistləşdirilməsi prosesi fonunda amnistiya aktının qəbul edilməsi tələskənlik olardı. Əlbəttə, amnistiya aktının qəbulu Milli Məclisin səlahiyyətinə aid olan məsələdir, qanunverici orqanın hansı qərarı qəbul edəcəyi barədə birmənalı fikir söyləmək çətindir. Faktları və dəyişiklikləri nəzərə alaraq düşünürəm ki, amnistiya aktının qəbulu şübhəlidir. Bundan başqa Ədliyyə Nazirliyi tərəfindən vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmə institutunun təkmilləşdirilməsi ilə bağlı komissiya yaradılıb. Komissiya üzvləri cəzaçəkmə müəssisələrində vaxtından əvvəl şərti azad edilmək hüququ yaranan şəxslər barəsində arayışlar hazırlayır və geniş müzakirələr aparılır. Hətta bəzən müzakirələrə valideynlər də dəvət olunur, fikirlər dinlənilir və həmin şəxslər haqda məhkəməyə təqdim etmək üçün mülahizələr hazırlanır. Son 4 il ərzində bu institut fəaliyyətdədir və komissiyanın mülahizələrinin 97 faizi məhkəmələrdə təmin edilib.
- Əfv olunmaq üçün prosedur necədir? Hərdən belə informasiyalar yayılır ki, filankəs, əfv üçün müraciət etməyib. Xüsusilə siyasi mənsubiyyəti olan şəxslərlə bağlı belə informasiyalar yayılır.
- Əfv olunmağın iki instrumenti var. Birincisi müraciətdir, məhkumun nümayəndəsi və vəkili müraciət edə bilər, bu zaman onların səlahiyyətlərini təsdiq edən sənəd müraciətə əlavə olunmalıdır. İkinci üsul isə vəsatətlərlə bağlıdır. Vəsatəti ombudsman, Milli Məclisin deputatları, yerli və beynəlxalq QHT-lər, Penitensiar Xidmətin özü qaldıra bilər. Vacib deyil ki, şəxsin özü prosesdə birbaşa iştirak etsin. Bəzi şəxslər barədə deyirlər ki, müraciət etmir. Amma onlar digər şəxslərin müraciətlərinə etiraz da etmirlər. Əlbəttə, müraciət və vəsatətlərə baxılanda şəxsin siyasi kimliyi məsələsi bizim üçün vacib deyil. Hamı qanun qarşısında bərabərdir. Onun aktiv və ya fəal olmaması məsələsi də Komissiya üzvləri üçün əhəmiyyət daşıyan faktor deyil. Zaman-zaman həm cəmiyyətdə fəallığı barədə müzakirələr gedən şəxslərin, həm də digər vətəndaşların əfvinin şahidi olmuşuq. Kimin müraciət etdiyi və yaxud kimin azad olunacağı barədə məlumat verə bilmərik. Könüllü olaraq kim vəsatət qaldırıbsa və ya müraciət edibsə, onlar mediaya məlumat verə bilərlər. Komissiyanın üzvlərinin isə buna hüququ yoxdur, eyni zamanda müzakirələrin vəziyyəti barədə nə isə deyə bilmərik, son qərarı ölkə başçısı verir, biz sadəcə tövsiyəedici rəy veririk. Əfv Komissiyasının iclaslarında iştirak edən şəxs kimi deyə bilərəm ki, daxil olan hər bir müraciət diqqətlə araşdırılır, bütün vəsatətlərlə bağlı hər kəsin fikrini söyləməsi üçün imkan yaradılır. Müvafiq arayışlar hazırlanıb təqdim olunur, bir çox amil və kriteriyalar nəzərə alınır. Hər şeydən əvvəl məhkum və zərərçəkmişin mövqeyi, dəymiş ziyanın ödənilib-ödənilməməsi məsələsi nəzərə alınır, eləcə də dövlət və milli maraqlar fonunda tarazlaşdırılmış mövqe seçilir. Şəxs müraciət edən kimi onun müraciəti dərhal rədd və ya qəbul edilə bilməz. Bu, mərhəmət prinsipinin tətbiq edilməsi ilə bağlı institutdur, amma fərdi qaydada tətbiq edilir. Komissiyada tanınmış şəxslər, dövlət və ictimai xadimlər təmsil olunur, hər bir üzv tövsiyə edilən qərarlarla bağlı məsuliyyət daşıyır, ədalətsiz yanaşmalar olmamalı, diqqətli araşdırma lazımdır. Bəzən ayrı-ayrı şəxslər tələsir, öz fantaziyalarına uyğun səbəblər toplusu tapmağa çalışırlar ki, əfv proseduru gecikir və sair.